Son yeniləmə: 27 Sentyabr 2024 16:51
BAYRAQDAR MEDİA – Bir müddət öncə Babək qalasından qayıdarkən tutulan və şəxsi əşyaları müsadirə olunan milli fəallar Meysəm Colani, Rza Vasiqi, Əli Lisani, Mehdi Lisani və Behzad Dəşti Kəleybər şəhər prokurorluğuna xəbərdarlıq edib.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
“Gənc fəallar bildiriblər ki, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin əməkdaşları onların mobil telefonlarını qaytarmaqdan imtina edir və onlar buna görə etiraza qalxacaqlar. Onların sözlərinə görə, bu vəziyyət davam edərsə və şəxsi əşyaları qaytarılmasa, sentyabrın 29-da Kəleybər prokurorluğu qarşısında oturaq aksiya keçirəcəklər”, – deyə xəbərdə bildirilir.
Qeyd edilir ki, “milli fəallar avqustun 2-də Babək qalasından qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən tutulub, daha sonra sərbəst buraxılıblar. Ancaq onların bir sıra şəxsi əşyaları əllərindən alınıb. Sentyabrın 11-də isə fəallar prokurorluğa gedərək sənəd və telefonlarının müsadirə olunmasına etirazlarını bildiriblər. Onların şəxsiyyət vəsiqələri qaytarılsa da mobil telefonları təhvil verilməyib”.