BAYRAQDAR MEDİA – “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Dövlət Universitetinin (BDU) birgə həyata keçirdiyi ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mühafizə tədbirləri) layihəsi çərçivəsində bu gün ağacəkmə aksiyası keçirilib.
Bu haqda ETSN-nin yaydığı xəbərdə deyilir.
Xəbərdə deyilir ki, “sözügedən qurumların rəsmilərinin və əməkdaşlarının, o cümlədən BDU-nun tələbələrinin iştirakı ilə keçirilən tədbir zamanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi boyunca Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib. Qeyd edək ki, ECOLEAD platforması prokurorluq əməkdaşları, ekoloqlar, ali təhsil ocaqları və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində ətraf mühitin mühafizəsi sahəsində pozuntuların qarşısının alınması, təcrübənin paylaşılması və cəmiyyətin maariflənməsinə yönəlib”.
ECOLEAD layihəsi Respublika ərazisində ekoloji cinayətlər nəticəsində zədələnmiş yaşıllıqların bərpası məqsədi daşıyır. Layihənin əsası Baş Prokurorluq, ETSN və BDU arasında Xankəndi şəhərində keçirilmiş tədbirdə imzalanmış Anlaşma Memorandumu ilə qoyulub, daha sonra Naxçıvan Dövlət Universiteti sözügedən memoranduma qoşulub.