Son yeniləmə: 26 Sentyabr 2024 14:57
BAYRAQDAR MEDİA – Oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşacaq. Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə “yaşıl təhsil” ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə keçiriləcək”.
Daha sonra xəbərdə, “Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdir. Forum “Ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası: təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi” mövzularını əhatə edəcək. Forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılacaq” deyə qeyd edilir.
Bildirək ki, Forumu WhatsApp kanalı üzərindən izləmək mümkün olacaq.