BAYRAQDAR MEDİA – Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru Şirin Məlikova qardaş Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 26-da həmin ölkənin Milli Muzeyində “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı mühazirə ilə çıxış edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Şirin Məlikovanın rəhbəri olduğu Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “mühazirədə Azərbaycan realistik rəngkarlıq məktəbinin yaranması məsələləri, XIX-XX əsrlərin kəsişməsində onun inkişafının əsas mərhələlərindən bəhs olunub. Azərbaycan təsviri sənətinin inkişaf yolunu müəyyənləşdirən görkəmli sənətkarların yaradıcılığı əsasında XX əsr rəngkarlıq və qrafika sənətlərinin üslub və istiqamətləri, obraz həlli, rəssamların bu dövrdə müraciət etdikləri mövzular nəzərdən keçirilib, həmçinin sovet incəsənətinin ideologiyasından kənar, paralel bir reallıqda yaratmış tanınmış nonkonformist rəssamlar haqqında danışılıb”.
Mühazirədə bəhs olunmuş əsərlər milli və dünya bədii irsini özündə mühafizə edən AMİM-nin kolleksiyasına daxildir.