BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) ilə “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin 2024-2025-ci tədris ilində əhatə dairəsi daha da genişləndirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yeni tədris ilindən işğaldan azad olunmuş ərazilərdə də tətbiqinə başlanılan layihə çərçivəsində ölkə üzrə məktəb sayı 762-yə çatdırılıb, onlardan 230-u layihəyə yeni cəlb olunub. Yeni tədris ilində layihə ölkənin 57 şəhər və rayonunda 6 min müəllimi, 500 min şagirdi əhatə edir. Bundan başqa, bu il 30-dan çox məktəbdə informatika fənninin dərindən tədris olunduğu, ixtisaslaşdırılmış “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul imtahanı keçirilib. 826 şagird yeni tədris ilində bu siniflərə qəbul olunub. Ümumilikdə, bu il “Rəqəmsal bacarıqlar” təmayüllü 10-11-ci siniflərdə 1 min 370 şagird təhsilinə davam edəcək.
Qeyd edək ki, layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.