BAYRAQDAR MEDİA – Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 24-də K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycandan “Zaman” qrupunun etno-caz konserti təqdim olunub.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “konsertdən öncə çıxış edən musiqi qrupunun bədii rəhbəri Vasif Hüseyn milli çalğı alətlərinə böyük marağı olduğunu deyib: “Zaman” qrupunu yaratmaq istəyi milli musiqi alətlərimizə olan maraq və sevgimlə bağlıdır. Qrupda Azərbaycan balaban, tütək, zurna və s. alətlərdən çox istifadə edirəm. Bacardığım qədər, milli musiqi alətlərinin xarakterini olduğu kimi saxlayır və yeri gələndə Qərb alətləri ilə sintez edirəm”. Sonra söz musiqiyə verilib. “Zaman” qrupu (Saleh Məmmədov – bas gitara, Eyvaz Həşimov – zərb alətləri, Fəqan Rəhmanoğlu – nəfəs alətləri) və pianoçu, bəstəkar Vasif Hüseyn (eyni zamanda qrupun bədii rəhbəri) maraqlı proqramla çıxış edib”.
Daha sonra xəbərdə, “proqramda Vasif Hüseynin “Biri var idi, biri yox idi” (“Once upon a time”), “Zaman”, Vaqif Mustafazadənin “Baharda” (“Springtime”), “İmprovizə” (“Improvise”), Hans Zimmerin “Ulduzlararası” (Interstellar”) və “Yapuray” qazax xalq mahnısı səsləndirilib. Qazax musiqisevərlər konserti böyük maraq qarşılayıb, ifaçıları alqışlayıblar. Xatırladaq ki, Azərbaycan caz sənətinin əfsanəsi sayılan bəstəkar V.Mustafazadə (1940–1979) orijinal ifaçılıq üslubuna malik olub. O, Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək caz-muğam kimi yeni bir musiqi janrı yaradıb” deyə bildirilir.