BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın köklü ali təhsil ocaqlarından hesab edilən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində yeni yaradılmış “Cədidlər kitabxanası”na Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatı və s. aid nəşrlərdən ibarət kitab kolleksiyası hədiyyə edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “sözügedən universitetin Özbək Dili və Ədəbiyyatı fakültəsində keçirilən tədbiri fakültənin dekanı Dos. Firuzə Burxanova açaraq Mədəniyyət Mərkəzi tərəfindən atılmış bu addımı çox yüksək qiymətləndirib və tələbələrin biliklərinin zənginləşdirilməsi yolunda kitabların xüsusi və vacib yer tutduğunu qeyd edib. F.Burxanova kitabxanaya hədiyyə edilmiş nəşrlərin orada təhsil alan gənclərin savadının artmasında böyük rol oynayacığını söyləyərək bu nəcib hərəkətdən dolayı Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib”.
Sonra xəbərdə, “çıxış edən Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlmirzəyev Mərkəzin fəaliyyətindən qısa söz açaraq bu fəaliyyət dairəsində kitab nəşrlərinin əhəmiyyətli yerə sahib olduğunu vurğulayıb. Mərkəz tərəfindən yüz iyirmiyə yaxın nəşr layihəsinin gerçəkləşdirildiyini qeyd edən N.Əlmirzəyev bundan sonra da Mədəniyyət Mərkəzi tərəfindən mədəniyyətə, ədəbiyyata, tarixə dair əsərlərin özbək dilinə tərcümə edilərək nəşr olunacağını və ali təhsil ocaqlarına, kitabxanalara qarşılıqsız hədiyyə ediləcəyini diqqətə çatdırıb. O, Mərkəz tərəfindən iki qardaş xalq arasındakı ədəbi-mədəni əlaqələri əhatə edən aktual mövzulara aid nəşrlərin bundan sonra da davamlı olaraq həyata keçiriləcəyini deyib” deyə bildirilir.
Qeyd edək ki, hədiyyə edilən nəşrlər əsasən Mədəniyyət Mərkəzi tərəfindən özbək dilinə tərcümə edilərək çap edilmiş kitablardır. Onlar arasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən nəşrlər, klassik Azərbaycan ədəbiyyatı nümayəndələri, Azərbaycan mədəniyyət, ədəbiyyatı, incəsənəti, tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Azərbaycan-özbək dillərinə aid lüğətlər, dərs vəsaitləri, danışıq kitabları və s. nəşrlər yer alır.