Press "Enter" to skip to content

Ceyhun Bayramov “Gələcəyin Sammiti”ndə çıxış edib

Ceyhun Bayramov

Son yeniləmə: 24 Sentyabr 2024 11:07

BAYRAQDAR MEDİA – Sentyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş qərargahında təşkil olunan “Gələcəyin Sammiti”ndə iştirak və çıxış edib.

Bu barədə XİN-in məlumatında qeyd edilib.

Məlumata görə, çıxışda Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik, dayanıqlı inkişafın təmini, habelə iqlim dəyişikliyi ilə mübarizə üzrə birgə fəaliyyətin təşviqi, qlobal çağırışlarla mübarizə istiqamətində baxışı və təşəbbüslərindən ətraflı bəhs olunub.

“Gələcəyin Sammiti”nin mövcud qlobal çağırışlarla mübarizədə çoxtərəfliliyin əhəmiyyətini nümayiş etdirmək üçün bir şans olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində mövcud beynəlxalq öhdəliklərin qətiyyətli addımlarla dəstəklənməsinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov ölkəmizin milli səviyyədə 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirərək dayanıqlı inkişaf gündəliyini irəlilətməkdə davam etdiyini diqqətə çatdırıb. 2030-cu ilə qədər olan dövr üçün tərəfimizdən 4 Könüllü Milli Hesabatın təqdim olunduğu, habelə 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatına əsasən Azərbaycanın bu sahədə qabaqcıl ölkələrdən olduğu bildirilib”.

Məlumatda daha sonra deyilir: “Ərazilərimizin işğaldan azad olunması ilə DİM-lərin icrası istiqamətində yeni imkanların yarandığını qeyd edən nazir Ceyhun Bayramov, hazırda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin DİM-lərin icrasının bütün aspektlərini özündə əhatə etdiyini diqqətə çatdırıb. Ölkəmizin 18-ci Milli DİM kimi vətəndaşlarımızın həyat və sağlamlıqlarına, habelə sözügedən yenidənqurma fəaliyyətinə hədə törədən mina təhdidi ilə mübarizə fəaliyyətini geniş təşviq etdiyi vurğulanıb. Nazir Ceyhun Bayramov Azərbaycanın uzun illər beynəlxalq hüquq normalarının pozulmasının, BMT Nizamnaməsi və qətnamələrinin yerinə yetirilməməsinin acı nəticələrini yaşayan bir ölkə kimi hər zaman sözügedən mexanizm və alətlərin qeyd-şərtsiz tətbiqinə və bu istiqamətdə ikili standartların yolverilməzliyinə vurğu etdiyi qeyd olunub. Ölkəmizin BMT Nizamnaməsi tərəfindən təsbit olunan suverenlik və ərazi bütövlüyünü bərpa etdiyi, qeyri-qanuni işğal və güc tətbiqinə son qoyduğu, habelə Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan normallaşma prosesinin başlanması üçün təşəbbüsün müəllifi olduğu diqqətə çatdırılıb”.

Məlumatda deyilir ki, çıxışda sülh prosesi üzrə əldə olunan irəliləyişlərin davam etdirilməsi üçün qalan maneələrin də aradan qaldırılması istiqamətində zəruri siyasi iradə və məsuliyyətin əhəmiyyəti qeyd olunub: “Cari ilin noyabr ayında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini bildirən nazir Ceyhun Bayramov iqlim dəyişikliyi təhlükəsi ilə mübarizədə Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bir araya toplayaraq, inklüzivlik əsasında iqlim məsələlərində əməkdaşlığı gücləndirmək istiqamətində fəaliyyət göstərdiyini bildirib. COP29 sədrliyimizin bu mübarizənin maliyyə tərəfini prioritetləşdirərək, ambisiyaların gücləndirilməsi ilə fəaliyyətin artırılması istiqamətlərinin təşviqini əsas götürdüyü diqqətə çatdırılıb. COP29-un iqlim gündəliyi ilə yanaşı, eyni zamanda qlobal sülhə töhfə olması istiqamətində Azərbaycanın “COP Barışıq Çağırışı” təşəbbüsü ilə çıxış etdiyi, bu çağırış çərçivəsində COP29 ayı ərzində barışığın əldə olunması istiqamətində birlik və hörmətin təşviq olunduğu bildirilib”.

Mission News Theme by Compete Themes.