BAYRAQDAR MEDİA – Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada publisist, nasir, kinorejissor, dramaturq, Qazaxıstan və Qırğızıstanın Dövlət Mükafatları Laureatı Əmir Pəhləvanın yubileyinə həsr edilmiş “Əmir Pəhləvan – 65” kitab sərgisi keçirilib.
Sərgi haqqında dramaturq BAYRAQDAR MEDİA-ya məlumat verib: “İlk dəfədir ki, mənim Milli Kitabxanada kitab sərgim təşkil olunur. Açığı, sərginin açılmağından heç xəbərim yox idi. Azərtacın məlumatından sonra xəbər tuta bildim. Sağ olsunlar. Mənim 75 kitabım çap olunub. Onun 35-i xarici dövlətlərdə və xarici dillərdə işıq üzü görüb. Mən 32 ildir ki, işləmirəm. İllər ərzində bu gördüyünüz kitabların, müəllifi olduğum tamaşaların və çəkdiyim filmlərin xeyir-bərəkəti ilə dolanmışam. Alın tərimlə çox ölkələrin dövlət mükafatlarını almışam, çox festivalların qalibi olmuşam. Heç kəsin yanında gözükölgəli deyiləm. Nəyi bacardımsa, Vətənimə, dövlətimə və xalqıma xidmət elədim”.
Arzularının və yaradıcılıq layihələrinin çox olduğunu bildirən müəllif böyük həvəslə onları reallaşdırmağa çalışacağını deyib.