BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyeva ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini qeyd edib. T.Musayev SN-nin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri mövcud əlaqələrin daha da inkişafına böyük dəstək verdiyini vurğulayıb. Öz çıxışında nazir 2005-ci ildən etibarən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak etdiyini bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və Azərbaycanın vərəmlə mübarizəsinə böyük töhfədir. Həmçinin, ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılması vurğulanıb. Sonda T.Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib”.
Sonra xəbərdə, “öz növbəsində Qlobal Fondun Portfolio meneceri Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub” deyə bildirilir.
Görüşdə, həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə edilib.