Son yeniləmə: 23 Sentyabr 2024 14:43
BAYRAQDAR MEDİA – Sentyabrın 23-də Xankəndidə yerləşən Qarabağ Universiteti öz fəaliyyətinə başlayıb. Rektor Şahin Bayramov Universitetin ilk tələbələrini salamlayaraq yeni tədris ilini açıq elan edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Ş.Bayramov tələbələrə yeni dərs ilində uğurlar arzulayaraq bildirib ki, burada təhsil alan gənclər Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanıblar. O bildirib ki, tələbələr universitetin və bütövlükdə regionun inkişafında fəal rol oynayacaqlar. Qeyd edək ki, Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 təşkil edib”.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.