Press "Enter" to skip to content

“Bir millət – iki dövlət” fəlsəfəsindən güc alan qardaşlıq

Yaxud Azərbaycan-Türkiyə qardaşlığı iqtisadi sahədə də dünyaya örnəkdir

Bak kardeşim
Elini ver bana
Gel kardeşim
Neşe getirdim sana
Al kardeşim
Ye, iç, gül, oyna

BAYRAQDAR MEDİA – Girişdəki misra ötən əsrin 70-ci illərində qardaş Türkiyədə ilk dəfə müğənni Şenay Yüzbaşıoğlunun ifasında səslənən “Sev Kardeşim” adlı şərqinin sözləridir. Öncə onu qeyd edək ki, o illərdə hitə çevrilən bu şərqi tez bir zamanda təkcə Türkiyədə deyil, Azərbaycanda da dillər əzbər olub.

Hətta Azərbaycan həmin vaxt sovetlərin çaynağında olmasına baxmayaraq, bu şərqi o qədər populyar olub ki, dəyərli sənətçimiz Zeynəb Xanlarovanın da repertuarında ilk sıralarda dayanıb. Elə bu gün də hər kəsin sevə-sevə baxdığı, 1977-ci ildə çəkilmiş “Ad günü” filmində də o mahnı Zeynəb Xanlarovanın ifasında səsləndirilib.

“Sev kardeşim” özündə həm də siyasi-fəlsəfi məna daşıyırmış

Bu mahnını xatırlatmaqla yazıya başlamağım heç də təsadüfi deyil. Həmin dövrün uşaqları olan bizlər fərqinə varmasaq da sonradan – 1988-89-cu illərdə anladıq ki, “Sev kardeşim” özündə həm də siyasi-fəlsəfi məna daşıyırmış. Çünki mahnının sözlərinin dərinliklərinə varanda, əslində bir çağırış, bir siyasi anlam kəsb etdiyinin fərqinə varırıq.

Deyilənə görə, bu mahnı o zaman SSRİ daxilində olan türk respublikalarına, xüsusilə də Azərbaycana bir mesaj imiş. “Yəni zamanı gələndə yanında olacağam, əlindən tutucağam, sənə sevinc gətirəcəyəm” kimi bir mesaj. Və bu mesaj sovetlər dağılandan, Azərbaycan yenidən müstəqillik əldə edəndən dərhal sonra reallaşdı. Dahi Mustafa Kemal Atatürkün 1933-cü ildə dərin uzaqgörənliklə səsləndirdiyi vəsiyyət xarakterli sözlərini reallaşdıran qardaş Türkiyə əlimizdən tutdu və bizə sevinc gətirdi.

Qardaş Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu. Hər bir anda yanımızda oldu və “bir millət – iki dövlət” fəlsəfəsindən güc alan qardaşlıq bu gün müttəfiqlik səviyyəsindədir.

Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir

Təbii ki, istənilən dostluğu, birliyi güclü edən həm də iqtisadi əməkdaşlıq olur. Bu baxımdan Türkiyə-Azərbaycan qardaşlığının kökündə həm də iqtisadi əməkdaşlıq, iqtisadi əlaqələr dayanır. Yəni bu sahədə də Türkiyə-Azərbaycan qardaşlığı dünyaya örnəkdir. Mən bu yazımda statistik rəqəmlər gətirmək fikrində deyiləm. Çünki statistik rəqəmlərlə bağlı indiyə kimi yetərli sayda məlumatlar verilib.

Sadəcə olaraq onu deyək ki, Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlayıb. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992-ci il tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir.

İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafının əsası isə Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra qoyulmuşdur. 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur.

Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər arasında iqtisadi aspekti olan sahələrə dair əməkdaşlığı əhatə edən və 1996-cı ildə təsis edilən Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın rolunu xüsusilə vurğulamaq olar. Yeri gəlmişkən, hazırda Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir.

İqtisadi əlaqələrin dərinləşməsində Heydər Əliyevin şah əsərlərindən biri olan BTC-nin rolu

Təbii ki, iqtisadi əlaqələrin dərinləşməsində Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin rolunu xüsusi qeyd etmək olar. Məsələ burasındadır ki, bəzi xarici güclər kəmərin Türkiyədən deyil, İrandan, yaxud hansısa başqa ölkədən keçməsinə cəhd edirdilər.

BTC
BTC

Lakin Ulu öndərin qətiyyəti sayəsində kəmər Türkiydən keçdi və sonradan dahi şəxsiyyət bu məqamla bağlı atılan addımlar barədə belə demişdir: “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunun seçilməsinə müxtəlif maneçiliklər törədildi. Biz şübhə etmirdik ki, bu kəmər Gürcüstandan keçməlidir. Şübhə etmirdik ki, bu böyük neft kəməri məhz Türkiyəyə getməlidir. Xəzərin nefti Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxmalıdır. Amma bəziləri hesab edirdilər ki, kəmər başqa ölkələrdən keçə bilər. Yəni artıq Azərbaycanda, Xəzərin Azərbaycan sektorunda neftin hasil olunmasının reallığını görəndə bəziləri hesab edirdilər ki, bu neft borusu Cənuba gedə bilər, yaxud Şimala gedə bilər, Şərqə gedə bilər. Müxtəlif belə fikirlər, müxtəlif iddialar var idi və getdikcə bunlar güclənirdi. Ancaq biz öz qərarımızda qəti idik. Əvvəldən də biz bunu elan etmişdik ki, kəmər yalnız bu marşrut ilə keçəcəkdir”.

İki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın daha da güclənməsində iş adamlarının da rolu az olmayıb

Şübhəsiz ki, bu gün dövlət başçıları Recep Tayyip Erdoğan və İlham Əliyevin qətiyyətindən, həmçinin qardaşlığından güc alan Türkiyə-Azərbaycan əlaqləri bütün sahələrdə, o cümlədən iqtisadi sahədə daha da inkişaf edir. Eyni zamanda ötən müddət ərzində iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın daha da güclənməsində iş adamlarının da rolu az olmayıb. Türkiyə şirkətləri, həmçinin Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyalar baxımından lider mövqeyini qoruyub saxlayırlar.

Bu məqamda xatırladaq ki, müstəqillik əldə etdikdən sonra Türkiyə ilə qardaşlıq bağlaırnı gücləndirən və Şuşa Bəyannaməsi ilə bunu müttəfiqlik səviyyəsinə çatdıran Azərbaycan türk iş adamlarının fəaliyyəti üçün münbit zəmin formalaşdırıb. Bundan yararlanan türk iş adamları, o cümlədən şirkətlərin cəm olduğu birliklər Türkiyə-Azərbaycan qardaşlığının iqtisadi sahədə daha da güclənməsi üçün var gücləri ilə çalışırlar.

20 yaşlı ATİB Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənməsinə xidmət edir

Təsadüfi deyil ki, bu məsələdə 2024-cü ildə 20 yaşı olan və öz fəaliyyəti boyu Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənməsinə xidmət edən Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) xüsusilə fərqlənir. 2002-ci ildə təsis edilərkən Türk İş Adamları Dərnəyinin hüquqi varisi kimi fəaliyyətə başlayan, ilk dönəmdə 38 üzvü olan ATİB bu gün özündə Azərbaycanda fəaliyyət göstərən 90-a yaxın türk və Azərbaycan şirkətini birləşdirir və bu say hələ artmaqdadır.

Azərbaycan-Türkiyə İş Adamları Birliyi
Azərbaycan-Türkiyə İş Adamları Birliyi

Birliyin üzvləri tikinti və inşaat, maliyyə və bankçılıq, İKT və telekommunikasiya, turizm və hotelçilik, kənd təsərrüfatı və qida sənayesi sahələrində təmsil olunurlar. 20 illik fəaliyyəti dövründə ATİB iki qardaş ölkənin nümayəndələri olan üzvlərinin bizneslərini ayrı-seçkiliyə yol vermədən, bərabər imkanlar yaradaraq təşviq etmiş, onlarla hökumət və vətəndaş cəmiyyəti arasında körpü olmağa, hər iki ölkənin sosial, mədəni və iqtisadi inkişafına dəstək olmağa çalışmışdır.

ATİB üzvləri Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yenidən qurulmasına müxtəlif yollarla töhfə verirlər

2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əsası qoyulan yeni reallıqlar fonunda iş adamları daha da fəal şəkildə addımlar atmağa başlayıblar. ATİB sədri Mürsəl Rüstəmovun bir müddət əvvəl BAYRAQDAR MEDİA-ya açıqlamasında qeyd etdiyi kimi, rəhbərlik etdiyi qurum bu baxımdan da fərqlənir. ATİB üzvləri Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yenidən qurulmasına müxtəlif yollarla töhfə verirlər. Əsasən işğaldan azad edilmiş ərazilərdə tikinti, kənd təsərrüfatı və turizm sahələrinin inkişaf etdirilməsində fəal iştirak edirlər.

Mürsəl Rüstəmov
Mürsəl Rüstəmov

Onun sözlərinə görə, ATİB üzvü Kolin İnşaat, Geoproject şirkətləri Qarabağ regionunda əhəmiyyətli layihələr həyata keçirməklə yollar, körpülər, su və kanalizasiya sistemləri kimi əsas infrastruktur elementlərinin yenidən qurulmasına kömək ediblər: “Bununla yanaşı Arenol Group şirkəti yaşayış məskənləri, ticarət mərkəzləri və digər inzibati obyektlərin inşaatında iştirak edərək bölgənin fiziki inkişafına da töhfə verib”.

M.Rüstəmov əlavə edib ki, Qarabağ iqtisadi rayonu kənd təsərrüfatı potensialı ilə zəngin rayondur: “Üzvümüz olan şirkətlər kənd təsərrüfatı texnologiyaları, avadanlıqları və bilikləri ilə bölgədəki kənd təsərrüfatı fəaliyyətini təkmilləşdirərək, bölgənin özünü təmin edən kənd təsərrüfatı bazasına çevrilməsinə dəstək olurlar. Bu şirkətlər sırasında Ağdam Aqrar Heyvandarlıq Kompleksini qeyd etmək olar”.

Beləliklə, vurğulandığı kimi, ATİB-in hədəfi iki ölkənin xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq səviyyəsini artıraraq davamlı iqtisadi inkişafı təmin etmək, özümüzdən sonrakı nəsillər üçün daha sağlam və təhlükəsiz gələcək perspektivi reallaşdırmaqdır. Lakin ATİB missiyasını dövlətlərimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi sahəsində fəaliyyət ilə bitmiş hesab etmir. ATİB üzvləri iki qardaş ölkənin ortaq problemlərinin həlli, onların regionda və dünyada nüfuzlarının artırılmasına töhfə verməyi də özlərinə borc bilirlər.

Yazı Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) yaranmasının 20 illiyi münasibətilə keçirilən “Hər sahədə qardaşlıq: Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin dünəni, bu günü və sabahı” mövzusunda publisistik yazı müsabiqəsinə təqdim edilir. 

Mission News Theme by Compete Themes.