Press "Enter" to skip to content

Professorun yeni kitabı nəşr edilib

Kitabın üz qabığı və müəllif

Son yeniləmə: 19 Sentyabr 2024 17:57

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, Prof. Seyfəddin Rzasoyun yeni – ““Dədə Qorqud” eposu. Dastanın Alp Aruz variantının ilk bərpa təcrübəsi” adlı kitabı işıq üzü görüb.

Nəşr haqqında alim BAYRAQDAR MEDİA-ya ətraflı məlumat verib: “Bu kitab “Kitabi-Dədə Qorqud” eposu seriyasından nəşr etdirdiyim kitabların ikincisidir. Eyni formatda və şəkildə bu kitabların birincisi ““Dədə Qorqud” eposu. Qəhrəmanın ölüb dirilməsi” adlanır. Mən, ümumiyyətlə, uzun illərdir “Dədə Qorqud” dastanı, onların ritual-mifoloji semantikası üzərində təqdiqatlar aparıram. Demək olar ki, bütün tədqiqatlarım Oğuz eposu və Oğuz mifologiyasına həsr olunub. Tədqiqatlar nəticəsində aydın oldu ki, şərti olaraq Oğuz kağanla bağlı “Oğuznamə”nin uyğur versiyası adlanan dastan var. Elmdə ona “Oğuznamə”nin uyğur versiyası deyirlər. Uyğur versiyasından “Kitabi-Dədə Qorqud” kimi bizim əlimizdə çoxsaylı oğuznamələr var. Bu oğuznamələri uzun illər ərzində müqayisəli şəkildə tədqiq etdikdən sonra mənə məlum oldu ki, Oğuz kağanla bağlı “Oğuznamə” dastanı ilə “Kitabi-Dədə Qorqud”un poetik struktur tipologiyası bir-birinə uyğun gəlmir. Məsələ burasındadır ki, “Oğuznamə” dastanında hakimiyyətdə bozoklardır, üçoklar onlara tabe vəziyyətdədir, “Kitabi-Dədə Qorqud”da isə üçoklar artıq hakimiyyətdədir, bozoklar onlara tabe vəziyyətdədir. Dastanın məkan və zaman strukturu dəyişilmişdir. Bu da dastanda qəhrəman tipologiyasını tamamilə alt-üst etmiş, qəhrəman tipologiyası bozoklardan alınıb üçoklara verilib. Tədqiqat nəticəsində aydın oldu ki, istər Bayandur xan, istərsə də “Kitabi-Dədə Qorqud”un əsas qəhrəmanlıq modeli olan Salur Qazan üçok tayfalarından olan qəhrəman kimi hakimiyyət hüququna malik deyil. Beləliklə, məlum oldu ki, “Oğuznamə” ilə “Kitabi-Dədə Qorqud”un arasında qəhrəmanı Alp Aruz olan bir dastan olub. Mən həmin dastanı “Kitabi-Dədə Qorqud”un alt qatlarından bərpa etdim və tədqiqat nəticəsində aydın oldu ki, əlimizdə olan “Kitabi-Dədə Qorqud” iki səviyyədən ibarətdir. Həmin səviyyənin birini mən Salur Qazan, digərini isə Alp Aruz variantı adlandırdım. Alp Aruz “Kitabi-Dədə Qorqud”un alt qatındadır. Bu yeni kitabımda mən onu rekonstruksiya edib üzə çıxarmışam”.

Qeyd edək ki, kitabın redaktorları Prof. Dr. Mehmet Aça, filologiya üzrə fəlsəfə doktoru, Dos. Səfa Qarayev, filologiya üzrə fəlsəfə doktoru, Dos. Hikmət Quliyev, rəyçi-ekspert isə filologiya üzrə fəlsəfə doktoru, Dos. Qalib Sayılovdur.

Mission News Theme by Compete Themes.