Son yeniləmə: 19 Sentyabr 2024 10:34
BAYRAQDAR MEDİA – TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Qarabağ Dirçəliş Fondunun (Fond) İdarə Heyətinin sədri Rəhman Hacıyevlə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 19-da TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, “görüşdə TƏBİB-in və Fondun aidiyyəti üzrə məsul şəxsləri də iştirak edib. Görüşdə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları, işğaldan azad edilən ərazilərimizdə erməni terroruna məruz qalan mədəni irsimizə, tarixi abidələrə dəyən zərər, eləcə də Qarabağın yenidən qurulması və bərpası istiqamətində aparılan işlər, tibbi xidmətin təşkili ilə bağlı geniş məlumat verilib”.
Məlumata görə, qonaqları salamlayan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, hazırda TƏBİB işğaldan azad olunmuş ərazilərimizdə həyati vacib sahələr kimi tibb xidmətlərin təşkilini uğurla həyata keçirir: “TƏBİB-in İcraçı direktoru Şuşa Modul Tipli Xəstəxanada, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Ağdərə rayonlarında, Hadrutda ailə sağlamlıq mərkəzlərində tibbi xidmətin yüksək səviyyədə qurulduğunu və həmin müəssisələrin hər birində icbari tibbi sığorta çərçivəsində xidmət göstərildiyini qeyd edib. “Qeyd etməliyəm ki, Vətən müharibəsi zamanı 720 tibb işçisini əhatə edən komplektləşdirilmiş briqadalar cəbhə bölgəsinə cəlb edilib. Yüksək ixtisaslı personal tərəfindən mürəkkəb rekonstruktiv əməliyyatlar həyata keçirilib. Görülən tədbirlər sayəsində yaralıların bərpa müddətinin qısa və əlillik faizinin aşağı olmasına nail olunub. Bu gün də tabeli tibb müəssisələrimizdə şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına və qazilərimizə xidmət göstəririk. Qarabağda həyata keçirilən yenidənqurma işlərinə də TƏBİB və tibb heyəti olaraq hər cür dəstəyi göstərməyə hazırıq”, – deyə V.Qurbanov qeyd edib”.
Məlumatda deyilir ki, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev əldə edilən möhtəşəm qələbəmizdə tibb personalının xüsusi payını qeyd edərək, Qarabağda dayanıqlı məskunlaşmada səhiyyə xidmətlərinin xüsusi rolunu vurğulayıb: “R.Hacıyev TƏBİB-in nəzdində olan tibb müəssisələrinin əməkdaşlarının Qarabağın yenidən qurulmasına töhfə verən ianələrə cəlb olunmasını məqsədəuyğun hesab edib. Sonda qarşılıqlı və çoxtərəfli əməkdaşlığa dair memorandumun imzalanması qərara alınıb”.