Press "Enter" to skip to content

Qeyri-fars millətlərin sərvətləri rejim tərəfindən talanır

Məcid Cavadi

Son yeniləmə: 18 Sentyabr 2024 11:58

Məcid Cavadi: İlk dəfə İran rəsmisi, özü də prezident vəziyyətin necə  acınacaqlı olduğunu rəsmən dilə gətirdi

BAYRAQDAR MEDİA – “Əslində, İranın fars-molla rejimi tərəfindən qeyri-fars millətlərin təbii və milli sərvətlərinin talan edilməsi, bu sərvətlərin fars zonalarının inkişafına yönəldilməsi yeni xəbər deyil. Molla rejimi qiymətli təbii sərvətləri qeyr-fars zonalarından çıxarır, amma bu sərvətlərin emalı üçün fars zonalarında zavodlar, sənaye mərkəzləri açır. Halbuki bunu elə yeraltı və yerüstü sərvətlərin olduğu regionlarda açmaq daha doğru olardı. Yəni Güney Azərbaycandan qızıl çıxarılır və acımasızcasına talan edilib, fars bögələrinə aparılır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

Xatırladaq ki, ilk rəsmi səfər kimi Məşhəd şəhərinə gedən İran prezidenti Məsud Pezeşkiyan iş adamları ilə görüşdə Güney Azərbaycanda insanların acınacaqlı maddi durumuna toxunub. Bu barədə Azad İran məlumat yayıb. Məlumata görə, İran prezidenti deyib: “Bütün resursların Doğu və Batı Azərbaycan əyalətlərində olmasına baxmayaraq, orada insanlar yoxsulluq içində yaşayırlar. Biz cəmiyyətdə haqq-ədaləti bərqərar etməli və ziyalılara, sənayeçilərə, istehsalçılara hörmətlə yanaşıb, maneələri birlikdə aradan qaldırmalıyıq”.

M.Cavadinin sözlərinə görə, rejim qeyri-fars xalqlara o qədər düşmən münasibət sərgiləyir ki, bu özünü həmin xalqların məskunlaşdıqları ata-baba ocaqlarındakı acınacaqlı durumda əks etdirir: “Vəziyyət o qədər acınacaqlıdır ki, bu gün Bəlicustan bölgəsində adi içməyə su, yeməyə quru çörək belə tapmırlar. Bu da hələ son deyil. Orada vətəndaşların bir çoxunun hətta sadə şəxsiyyət vəsiqəsi belə yoxdur”.

M.Cavadi deyib ki, indiyə kimi bu faktlar xarici mediada öz əskini tapsa da, İranın rəsmi dairələri bunu təkzib edirdi: “Lakin ilk dəfə bu faktlar İran rəsmisi tərəfindən dilə gətirildi. Məhz bu baxımdan Məsud Pezeşkiyanın Məşhəddəki çıxışı olduqca maraqlıdır. Çünki ilk dəfə İran rəsmisi, özü də prezident vəziyyətin necə acınacaqlı olduğunu rəsmən dilə gətirdi. Düzdür, bu adam da rejimin içindən çıxıb. Amma həm Güney Azərbaycandan olması, həm islahatçı düşərgədən çıxması, o cümlədən milli kimlik şüuru öz sözünü dedi. O, Güney Azərbaycanın durumuna diqqəti yönətldi. Hətta Güney Azərbaycanı nəzərdə tutaraq “orada vəziyyət sizin Məşhəddəki vəziyyətdən pisdir” dedi. Düzdür, sonra ifadəsini “bizim Məşhəddəki” sözləri ilə əvəzlədi. Lakin istənilən halda farsların Güney Azərbaycana ögey yanaşdığını ifadə etmiş oldu. Bu isə müsbət addımdır”.

Mission News Theme by Compete Themes.