BAYRAQDAR MEDİA – Əzadarlıq mərasimində baş verən qarşıdurmanı paylaşdığına görə hədələnən Güney Azərbaycanlı müxbir Fatimə Qulipur Təbriz şəhər Polis İdarəsinin Təhlükəsizlik Şöbəsində zorakılıqla üzləşib.
Xəbəri “Azad İran” Telegram kanalı Azərbaycan Öyrənci Hərəkatına istinadla yayıb.
Bildirilir ki, jurnalist X hesabında bununla bağlı yazıb: “Polis İdarəsində məruz qaldığım zorakılığı heç vaxt unutmayacağam, bu əməllərinə görə onların heç birini halal etmirəm. Xəbər paylaşdığıma görə məni polis idarəsinə aparıb polkovnikin göstərişi ilə məni iki əsgər və bir qadın pilləkənlərdə sürüklədilər. Əlləri üzümə qalxanda min dəfə ölüb dirildim”.
Xatırladılır ki, Fatimə Qulipur Təbrizdə əzadarlıq mərasiminə hökumət qüvvələrinin hücumu və orada baş verən münaqişəni işıqlandırmasından sonra Təbriz şəhər prokuroru Məhbub Əlilu tərəfindən məhkəmədə barəsində cinayət işi açılacağı ilə hədələnib.