Press "Enter" to skip to content

Mən rəssam olsaydım…

Rübabə MUSTAFA

BAYRAQDAR MEDİA şairə Rübabə MUSTAFAnın şeirini təqdim edir:

Mən rəssam olsaydım hər bir şəhidin,
Qanıyla paklanan nəşin çəkərdim.
Lə ilahə illəllah pıçıltısından,
Donmuş gözlərinin rəngin çəkərdim.

Mən rəssam olsaydım şəhid yarının,
Qəlbindən qopan o ahın çəkərdim.
Yanan ürəyinin yarım arzulu,
Vaxtsız itirdiyi yarın çəkərdim.

Mən rəssam olsaydım yanan ananın,
Qəlbinin görünməz atəşin, közün,
Gözü yolda qalan neçə balanın,
İntizar baxışlı çəkərdim gözün.

Mən rəssam olsaydım, qanlı torpağı,
Qan ilə sulanmış lalə çəkərdim.
Can ilə yazılmış qəhrəmanlığı,
Ney kimi sızlayan nalə çəkərdim.

Mən rəssam olsaydım ərşi titrədən,
“Bacın ölsün” deyən fəryad çəkərdim.
Oğlu tək bayrağı oxşayıb öpən,
Alışan bir ata, bir od çəkərdim.

Mission News Theme by Compete Themes.