Press "Enter" to skip to content

Batı Qafqaz regionunu müharibəyə sürükləyir

Dr.Yücel Karauz

Son yeniləmə: 17 Sentyabr 2024 10:40

Dr. Yücel Karauz: ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra qlobal məkanda proseslərin daha da gərginləşəcəyi, ikitərəfli və çoxtərəfli hərbi toqquşmaların daha çox olacağı gözlənilir

BAYRAQDAR MEDİA – “Bəşəriyyət Üçüncü Dünya müharibəsinə hazırlaşır. Bəli, əgər biz əvvəllər “Üçüncü Dünya müharibəsi ola bilər” deyirdiksə, indi “hazırlaşır” deyirik. Çünki son vaxtlar baş verən proseslər ona işarə edir ki, Üçüncü Dünya müharibəsi ilə bağlı risk və təhdidlər daha da artır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra qlobal məkanda proseslərin daha da gərginləşəcəyi, ikitərəfli və çoxtərəfli hərbi toqquşmaların daha çox olacağı gözlənilir: “Bu toqquşmalar isə bizi addım-addım Üçüncü Dünya müharibəsinə götürür. Yəni son vaxtlar bəzi ölkələrin işğalçılıq niyyəti ilə digər ölkələrin ərazilərinə hücumlar etməsi ondan xəbər verir ki, insanlıq nəinki Üçüncü Dünya müharibəsinin qarşısını almaq istəyir, əksinə, öz əməlləri ilə bu müharibəni daha da yaxınlaşdırır”.

Türkiyəli general bildirib ki Qafqaz regionu bu müharibədən kənarda qala bilməyəcək: “Təəssüflər olsun ki, başda Birləşmiş Ştatlar olmaqla Batının son vaxtlar atdığı addımlar, arzuolunmaz hərəkətlər, yürütdüyü siyasət Qafqaz regionunu yenidən müharibə zonasına çevrilmək təhlükəsilə baş-başa qoyub. Ermənistanın Batı tərəfindən sürətlə silahlandırılmasında məqsəd Türkiyə-Azərbaycan qardaşlığından doğan Şuşa Bəyannaməsinin nəticələrini təsirsiz hala gətirmək, Qafqazı qan çanağına döndərməkdir. Özü də Batının bəlli güclərinin məqsədi təkcə Qafqazı deyil, eyni zamanda qlobal məkanda öz sözünü deməyə başlayan Türk Dövlətləri Təşkilatını, başqa bir tərəfdən isə Rusiya və İranı da belə deyək “zərərsizləşdirməkdir”. Bütün bunların fonunda yaxın zamanda Qafqazda kiçikçaplı, uzaq perspektivdə isə iriçaplı hərbi toqquşmalar ola bilər”.

Müsahibimiz əlavə edib ki, Ermənistanın mövcud durumu Batının bu planlarının tam işləməsini əngəlləyə bilər: “Ermənistanda birlik yoxdur. Bu gün Batının qarşısında silsilə öhdəliklər götürən Paşinyan və komandasının daxildə güclü dəstəyi yoxdur. Bu da Nikol Paşinyanın devrilmək təhlükəsinin çox olduğuna işarə edir. Digər tərəfdən Türkiyə-Azərbaycan qardaşlığı Orta Asiyaya da nümunə olmalıdır. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin oxşarı Orta Asiya ölkələri arasında, həmçinin o ölkələrlə Türkiyə və Azərbaycan arasında imzalanmalıdır. Özü də zaman itirmədən”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.