Press "Enter" to skip to content

APA türk dünyasının tanınmış tibb alimlərini təltif edib

Təltif edildilər

BAYRAQDAR MEDİA – Bu il Türkiyənin Isparta şəhərində Birinci Multidisiplinar Pediatriya Konqresi olaraq Süleyman Demirel Demokratiya və İnkişaf Muzeyinin ev sahibliyi və Süleyman Demirel Universiteti Tibb Fakültəsi Uşaq Sağlamlığı və Xəstəlikləri Departamentinin dəstəyi ilə 4-cü Beynəlxalq Sağlam Böyüyən Uşaq Konqresi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Pediatrlar Assosiasiyasından (APA) daxil olub.

Xəbərdə deyilir ki, “12-15 sentyabrda Pediatriya Uzmanlıq Akademiyası Dərnəyinin (PUADER) təşkil etdiyi konqresdə uşaq sağlamlığının gələcəyi və pediatriya ixtisasına maraq əsas mövzu olub. Üç gün davam edən konqresdə kurslar, milli və beynəlxalq səviyyədə məruzəçilərin iştirak etdiyi panellər, konfranslar, şifahi və poster təqdimatlar olub. Uşaq sağlamlığı sahəsində mövcud yeniliklərin müzakirəsi və ekspertlər arasında məlumat mübadiləsi üçün mühüm platforma olan konqresdə tibb üzrə alim və mütəxəssislər uşaq sağlamlığı ilə bağlı ən son tədqiqatları və təcrübələrini bölüşüblər”.

Daha sonra xəbərdə, “Konqresdə Azərbaycanı təmsil edən APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin (ATU) II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə tədbirin açılış mərasimində çıxış edib. Türk dünyasının həkimlərini bir arada görməkdən məmnunluq duyduğunu bildirən sədr Azərbaycan və Türkiyə birliyi, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi türk dövlətlərinin səhiyyəsinin inkişafına da töhfə verməkdə olduğunu deyib. APA-nın tarixi haqqında məlumat verən T.Tağı-zadə qeyd edib ki, ki, təşkilatın 1930-cu ildən bəri fəliyyətinin uzun bir dövründə əsas inkişaf mərhələsi türkiyəli alimlərin dəstəyi ilə başlayıb. T.Tağı-zadə türk dünyası birliyinin önəmini Prezident İlham Əliyevin sözləri ilə diqqətə çatdırıb: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”. Çıxışının sonunda o, səhiyyə, təhsil və elmin inkişafına verdiyi töhfələrə görə PUADER-in idarə heyətinin sədri, Prof. Bumın Dündara, Dəclə Universitetinin professorları, İlyas Yolbaş və Velat Şenə Azərbaycan Pediatrlar Assosiasiyasının təşəkkür lövhəsi və döş nişanını təqdim edib” deyə bildirilir.

Qeyd edək ki, Prof. B.Dündar Türkiyədə uşaq endokrinologiyası və diabet sahəsində ilk veb-saytların yaradıcısı, “Uşaq Endokrin Diabet Jurnalı”nın və “Uşaq Sağlamlığı TV”nin təsisçisidir. Prof. İ.Yolbaş Türkiyədə uşaq xəstəlikləri və sağlamlığı mövzusunda ən çox satılan kitabların müəllifidir. Prof. V.Şen Şərq Pediatriya Assosiasiyasının sədridir. Bu təşkilat səhiyyə işçilərinin elmi təcrübəsinin artırılması, uşaq sağlamlığı və xəstəlikləri sahəsində təlim, tədqiqat fəaliyyətlərini təşkil edir və dəstəkləyir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.