Press "Enter" to skip to content

Xaçmaz “Ulduzlar”ının maraqlı tədbiri

Məclisdən sonra xatirə şəkli

BAYRAQDAR MEDİA – Sentyabrın 15-də Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda Məclisin sədri Fərzalı Ziyanur ötən bir ay ərzində görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, hər zaman olduğu kimi, bu ay ərzində də Məclis fəallıq göstərib, uğurlarına yeni uğurlar əlavə edib.

Daha sonra Məclis üzvlərinin əsərlərinin dinlənilməsi başlayıb.

Şair Məmməd Qədir bir neçə şeirini təqdim edib, Məclis üzvləri onların ətrafında fikir bildiriblər. Qeyd edilib ki, Məmməd Qədirin şeirləri həmişə olduğu kimi bu dəfə də öz poetikliyi, rəvanlığı, diləyatımlığı ilə seçilib.

Bundan sonra xanım şairlərdən Mehparə Sadıq, Rübabə Mustafanın şeirləri dinlənilib. Hər iki şairənin şeirləri ətrafında müzakirə aparılıb, maraqlı fikirlər səsləndirilib.

Bundan sonra gənc və yeni başlayan şairə – məktəbli Pakizə Zal bir neçə şeirini təqdim edib. Maraqla qarşılanan təqdimatın ardından peşəkarlar gənc şairəyə tövsiyələrini veriblər, onun perspektivi ilə bağlı ümidlərini ifadə ediblər.

Məclisin daimi iştirakçısı, Əməkdar jurnalist Azər Həsrət də iştirakçılardan üzr istəyərək “Bağışlama, Təbrizim!” adlı bir şeirini təqdim edib. O, xüsusi olaraq vurğulayıb ki, şairlik iddiası yoxdur, təqdim etdiyi kiçik parçanın da şeir olduğunu iddia etmir. Azər Həsrət deyib ki, bu, sadəcə olaraq onun Təbrizlə bağlı hayqırtısıdır.

Məclisin üzvü Mövlan Şahidin qəzəlləri bu dəfə də marağa səbəb olub. Məclis üzvləri toplantıya əlavə rəng qatan bu əsərləri təqdirlə qarşılayıblar.

Ağsaqqal ədəbiyyat adamı, alim, ictimai xadim Gülümbala Nəsirli yenə də maraqlı xatirələrini bölüşüb, iştirakçıları öz qələmindən çıxan əsərlərə qonaq edib.

Güney həsrətli şair, heykəltəraş Qərib Aşkari və daha bir Güney həsrətli şair Firudin Həvəskarın şeirləri, çıxışları da maraqla dinlənilib, onların təqdimatı ətrafında fikir mübadiləsi aparılıb.

İbrahim Ağçaylı isə maraqlı təklif irəli sürüb. O, Məclisin toplantılarında Azərbaycanın tanınmış şairlərinin də şeirlərinin səsləndirilməsinin vacibliyini deyib.

Sonda təcrübəli pedaqoq, Məclisin daimi və fəal iştirakçısı Tahir Musa özünün dəyərləndirmələrini paylaşıb, “Ulduzlar”ın gördüyü işlər haqqında danışıb.

Lap sonda çıxış edən Azər Həsrət bir sıra təkliflər irəli sürüb. O, Məclisin votsap qrupunun yaradılması, hər toplantıda Murad Qudyalçaylının şeirlərinin səsləndirilməsi haqqında fikrini deyib. Azər Həsrət eyni zamanda qeyd edib ki, “Ulduzlar”ın qurucusu olan Murad Qudyalçaylının şeirlərinin vahid topluda dərc edilməsi üçün hərəkətə keçmək lazımdır. O, belə bir toplunun xərclərini qarşılamağa hazır olduğunu deyib.

Məclis bitdikdən sonra iştirakçıların bir qrupu çay süfrəsi arxasında qeyri-rəsmi fikir mübadiləsi aparıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.