Press "Enter" to skip to content

Nazir Xocalıda məktəb açılışında

Xocalının yeni məktəbi

BAYRAQDAR MEDİA – Sentyabrın 16-da Xocalı şəhərində inşa edilmiş 1 nömrəli tam orta məktəb istifadəyə verilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib. Ardınca ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən elm və təhsil naziri E.Əmrullayev hər kəsin qan yaddaşı kimi xatırladığı Xocalıda uzun illər sonra məktəb açılışının sevindirici bir hadisə olduğunu vurğulayıb. Nazir uzun həsrətdən sonra bizə bu sevinci yaşadan şəhidləri anaraq onlara Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. İşğaldan azad edilmiş ərazilərdə ilk olaraq inşa edilən müəssisələr sırasında məktəblərin olduğunu bildirən E.Əmrullayev bu diqqət və qayğıya görə təhsil işçiləri adından ölkə başçısı İlham Əliyevə təşəkkürünü ifadə edib”.

Daha sonra xəbərdə, “nazir bu gün balaca görünən Xocalı məktəbinin illər sonra ölkənin ən qabaqcıl məktəblərindən biri olacağına inandığını dilə gətirib. E.Əmrullayev bundan sonra sözügedən məktəbin uğurlarına, xoş sədalarına hamının şahid olacağını vurğulayıb. Digər qonaqlar da, öz növbəsində, məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıb. Sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə 16 nəfərlik heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 8 nəfəri I sinif, 21 nəfəri isə II-XI sinif üzrə təhsil alacaq. 5 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.