Press "Enter" to skip to content

ABŞ Dövlət katibi İlham Əliyevə yenə də zəng etdi

İlham Əliyev və Entoni Blinken

BAYRAQDAR MEDİA – Sentyabrın 16-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, Entoni Blinken “Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib”.

Daha sonra deyilir ki, “regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib”.

Söhbət zamanı COP29-un Azərbaycanda keçirilməsi məsələsinə toxunulub. Entoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək verdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-nin COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

“Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib. Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.