Press "Enter" to skip to content

Onlayn təhsillə bağlı xəbərdarlıq

Təhsildə Keyfiyyət Təminatı Agentliyi

BAYRAQDAR MEDİA – Bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında Azərbaycan vətəndaşları qiyabi və əyani təhsilalma formaları üzrə onlayn şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən daxil olub.

Xəbərdə deyilir ki, “bununla bağlı Agentlik vətəndaşların diqqətinə çatdırıb ki, tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi) Prezidentin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra Qaydalar) əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir”.

Daha sonra xəbərdə, “Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur” deyə bildirilir.

Qeyd edək ki, Agentlik xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırıb.

Mission News Theme by Compete Themes.