Press "Enter" to skip to content

Kitab tanıtma: “Azərbaycan teatrı”

Azərbaycan teatrı

Son yeniləmə: 13 Sentyabr 2024 11:40

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) kitablardan biri də ictimai xadim, sənətşünaslıq elmləri doktoru Cəfər Cəfərovun müəllifi olduğu “Azərbaycan teatrı” (1873-1973) kitabıdır.

Kitab Azərbaycan peşəkar teatrının 150 illiyinə həsr olunub.

Nəşrin annotasiyasında deyilir: “Kitab ilk dəfə 1974-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən milli teatrın 100 illiyi münasibəti ilə “Azərnəşr”də çap edilib. Azərbaycan teatrının 1873-1973-cü illər ərzində yüz illik tarixinin geniş, müfəssəl elmi mənzərəsini yaradan bu fundamental tədqiqat milli teatrşünaslığın inkişafında mühüm rol oynayıb. Çap olunduğu gündən teatrsevərlərin masaüstü kitabına çevrilən, tədqiqatçıların ən çox istinad etdiyi “Azərbaycan teatrı” əsəri nəşrindən əlli ilə yaxın ötməsinə baxmayaraq bu gün də öz aktuallığını itirməyib, elmi-təcrübi dəyərini və əhəmiyyətini qoruyub saxlayıb. Kitabın yenidən və latın qrafikası ilə nəşr edilməsi zərurəti də buradan yaranıb. Əsər çapa kitabın tərtibçisi, redaktoru və əlavələrin müəllifi görkəmli alim Yaşar Qarayevin olduğu 1974-cü il nəşri əsasında, AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb”.

Həmçinin annotasiyaya əlavə edilir: “Bu gündən baxanda, sözsüz ki, sosializm realizmi cərəyanının hakim kəsildiyi sovet cəmiyyətində və dövründə yazılmış bir əsər kimi “Azərbaycan teatrı” monoqrafiyası da zamanının izlərini, müəyyən ideoloji xətaları özündə daşıyır. Lakin bu da Azərbaycan xalqının, milli mədəniyyətin, o cümlədən, teatr və teatrşünaslığın keçdiyi yolun, yaşadığı tarixin bir parçası olaraq bizə məxsusdur. Bu baxımdan, kitabın yeni nəşrində müəllifin indiki dövrlə səsləşməyən fikirlərinə belə toxunulmayıb, əsərin strukturu, dili, üslubu və terminologiyası qorunub saxlanıb, yalnız bəzi ifadə və faktlarla bağlı müəyyən izahlar verilib”.

Qeyd edək ki, 2023-cü ildə çap edilmiş kitabın məsul redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dos. Vidadi Qafarovdur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.