BAYRAQDAR MEDİA – Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli yeni təyinat alıb.
F.Ələkbərli AMEA Rəyasət Heyətinin qərarı ilə sözügedən İnstitutda yeni yaradılmış “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinə müdir təyin edilib.
F.Ələkbərli yeni şöbə və təyinatla bağlı BAYRAQDAR MEDİA-nın sualını cavablandırıb: “Biz türk xalqlarının mədəniyyətini, ədəbiyyatını və digər müvafiq sahələrini öyrəniriksə, fəlsəfəsini də öyrənməliyik. Çünki bizim fəlsəfəmiz də ortaqdır. Keçmişimizdən bu günümüzə baxdıqda filosoflarımız, müdriklərimiz eyni dərəcədə bizim üçün doğmadır. Əlbəttə, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda yeni yaradılmış “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin açılması müsbət haldır və biz də çalışırıq ki, türk xalqlarının ortaq fəlsəfi fikrini ifadə edək. Şöbəmizdə də əsas məsələ məhz ortaq fəlsəfi fikir tariximizi öyrənmək, tədqiq etmək, bütün türk xalqlarının ortaq dəyəri olduğunu ifadə etməkdir”.