Press "Enter" to skip to content

“ƏDV geri al” layihəsinin tətbiqi uğurla davam edir

Son yeniləmə: 12 Sentyabr 2024 13:33

BAYRAQDAR MEDİA – ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi uğurla davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “layihənin məqsədi ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə yanaşı, həm də tətbiq olunduğu sahələrdə real dövriyyələrin müəyyənləşdirilməsidir. 2024-cü ilin yanvar-avqust ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 116,4 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb”.

Məlumata görə, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması prosesi də davam edir. 2024-cü ilin yanvar-avqust ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 14 milyon 410,6 min manat təşkil edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.