Son yeniləmə: 11 Sentyabr 2024 09:53
MÜSİAD Azərbaycan tərəfindən maraqlı təqdimat hazırlanıb
BAYRAQDAR MEDİA – Azərbaycanla Türkiyə “Bir millət iki dövlət” prinsipinə əsaslanaraq dünyaya qardaşlıq nümunəsi təqdim edir. Bu gün iki qardaş ölkənin əməkdaşlığı, birliyi ümumilikdə türk dünyasında inteqrasiyanın daha da dərinləşməsinə təkan verir.
Lakin bu da bir həqiqətdir ki, iki qardaş ölkəni yerli ictimaiyyətə daha dərindən tanıtmaq üçün hələ görüləsi çox işlər var. Elə Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi Azərbaycan şöbəsi də (MÜSİAD Azərbaycan) məhz buradan yola çıxaraq dəyərli bir addım atıb.
Qurumdan aldığımız məlumata əsasən, MÜSİAD Azərbaycan tərəfindən “Azərbaycana gəlmək üçün 101 səbəb” adlı tədimat hazırlanıb.
Təqdimatın hazırlanması səbəbinə gəlincə “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli X sosial şəbəkə hesabındakı paylaşımından aşağıdakıları qeyd edib: “Prezidentlərimiz tərəfindən 15 İyun 2021-ci il tarixdə Şuşada imzalanmış “Şuşa Bəyənnaməsi” Tək Millət olan ölkələrimizin ortaq konstitutsiyası halına gəlmişdir. Şuşa Bəyannaməsinin son bəndində ölkələrimiz arasında bütün istiqamətlərdə münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi qeyd olunmuşdur.
Müşahidələrimiz nəticəsində Anadolu insanının Azərbaycana olan duyğusal bağlarının ziyarət statistikalarında yetərli qədər əks olunmadığını, ölkələrimiz arasında ticarət və ortaqlıq mədəniyyətinə kifayət qədər təsiri olmadığı qənaətinə gəldik. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən iş insanları olaraq Türkiyədən Azəbaycana ziyarətləri artırmaq, Anadolu insanının qardaşlıqda birinci sırada gördüyü ölkəmizi gəziləcək, iş görüləcək ölkələr sırasında ön sıraya çəkməsi, dövlət başçılarımızın qarşımıza qoyduqları ticari-iqtisadi hədəflər doğrultusunda səylərimizin daha da artırılmasında faydalı olacağına inandığımız üçün bu təqdimatı hazırladıq. Təqdimatın hazırlanmasında əməyi keçən əlaqədar komissiya üzvlərimizə, MÜSİAD Azərbaycan üzvlərimizə təşəkkürümüzü bildiririk”.