Press "Enter" to skip to content

Müəllimlər üçün “Yaşıl dünya naminə həmrəylik” vebinarı

Vebinar

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin (ETN) “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrinə əsasən, yeni tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “dərslərin təşkilinə metodik dəstək məqsədi ilə ETN, COP29 Azərbaycan Əməliyyat Şirkəti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yerli bölmələrinin metodistləri və qabaqcıl müəllimlər üçün vebinar keçirilib. Vebinarda COP29 Əməliyyat Şirkətinin dayanıqlı inkişaf məsələləri üzrə ixtisaslaşmış mütəxəssisləri, iqlim dəyişikliyi üzrə mütəxəssis Ayan Şamçiyeva, eləcə də ETN, Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər”.

Daha sonra xəbərdə, “vebinarda “Yaşıl dünya naminə həmrəylik dərsləri” adlı müəllimlər üçün metodik vəsait, həmçinin videotəlimat barədə məlumat verilib, bu yöndə zəruri tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. Sonda iştirakçıların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb” deyə bildirilir.

Qeyd edək ki, sözügedən mövzunun tədrisi ilə bağlı müəllimlərə dəstək məqsədli 3 dərsdən ibarət “Yaşıl dünya naminə həmrəylik dərsləri” adlı metodik vəsait www.trims.edu.az portalında yerləşdirilib. Vəsait əsasında hazırlanmış videotəlimat da həmin portalın “Videoresurslar” bölməsinə əlavə olunub.

Nazirlik bildirib ki, tədris ili ərzində mövzu ilə bağlı dərslərin keçirilməsi və layihələrin tətbiqi diqqətdə saxlanılacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.