Press "Enter" to skip to content

Məktəb çantası seçimi, şagirdlərdə qamət pozulması

Elşən Məhərrəmov

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov: “Uşağın düzgün qaməti 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşır”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov məktəb çantasını seçərkən nəyə diqqət edilməlidir?, şagird masası qamət pozulması yarada bilərmi? və s. bu kimi suallar ətrafında fikirlərini bölüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “E.Məhərrəmov qeyd edib ki, alimlərin araşdırmaları göstərir ki, ibtidai sinif şagirdlərində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır: “Mütəxəssislərin fikrincə, məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Əks təqdirdə onurğa əyriliyinə və qamət pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, ayaqların, bel ağrısının və yeriş pozğunluqlarının inkişafı ilə nəticələnmə ehtimalı var. Ağır məktəb çantası travma riskini artıra bilər. Sözsüz ki, uşaqlar tez yorulur və bu, dərslərin mənimsənilməsi imkanlarına təsir göstərir””.

Travmatoloq bildirib ki, hazırda uşaqlarda vacib məqam düzgün bədən duruşunun formalaşması və qorunmasıdır: “Zəif qamətin formalaşmasına təsir edən müxtəlif amillər var. Çantanın hazırlandığı material sıx, sintetik olmalıdır, çünki ona qulluq etmək daha asandır. Diqqət yetirmək lazımdır ki, çantanın yuxarı kənarı şagirdin başının arxasına söykənməsin, alt hissəsi isə belinə basmasın. Məktəb çantası gündəlik yoxlanılmalı və bütün lazımsız əşyalar çıxarılmalıdır. Valideynlərə tövsiyə edərdim ki, uşaqlara çəkisi ağır olan çantalar almasın”.

O, məktəb çantası seçərkən, uşağın yaşı, boyu və çəkisi, inkişaf xüsusiyyətlərini nəzərə almağın vacib olduğunu deyib: “Çantanın anatomik cəhətdən rahat olması da olduqca mühüm məsələdir. Ölçü baxımından çanta çox böyük olmamalı, üst hissə boyuna, aşağı hissəsi isə aşağı arxaya təzyiq etməməlidir. Həkimlər uşaqların belindəki yükü düzgün bölüşdürməyə kömək edəcək sinə qayışı olan kürək çantaları seçməyi məsləhət görürlər. Uzun boylu uşaqlar üçün şaquli kürək çantaları uyğun gəlir, qısaboylu uşaqlar üçün isə üfüqi kürək çantaları seçmək daha yaxşıdır”.

Xəbərdə, həmçinin “E.Məhərrəmov şagird masasının qamət pozulması yaratması haqqında da danışıb. Bildirib ki, uşağın düzgün qaməti 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşır, onun sağlam qaməti sinə və budların mövqeyi ilə müəyyən edilir: “Bədənin və ayaqların müstəvisi əyilmədən düz bir şaquli xətt yaratmalıdır. Yalnız bu vəziyyətdə bədənin və daxili orqanların normal işləməsi təmin edilir. Oxu masasının quruluşu təhsil məlumatlarının qavranılması proseslərinə, eyni zamanda uşağın təhlil, əzbərləmə qabiliyyətinə təsir göstərə bilər. Düzgün qamətin olmaması, ağrıya səbəb olan dayaq-hərəkət sistemi xəstəliklərinin (skolioz, kifoz, lordoz və s.) inkişafı ilə nəticələnə bilər. Başın bir az əyilməsi duruş üçün daha faydalıdır. Başın böyük əyilmələri ilə əlavə motor bölmələri işə cəlb olunur, nəbz sürətlənir, tənəffüs amplitüdü azalır, görmə və duruş pozğunluqları mümkündür. Masaların rahat və təhlükəsiz olması olduqca vacibdir. Onlar uşağın boyu ilə tənzimlənməlidir, masa üstü əyilmiş və tezgahdakı künclər yuvarlaqlaşdırılmalıdır”” deyə qeyd edilir.

Travmatoloq şagirdin düzgün oxu masasının seçilməsi üçün ümumi qəbul edilən standartların olduğunu vurğulayıb. O, əlavə edib ki, əsas seçim meyarları arasında ilk növbədə, masanın ölçüsü ilə şagirdin boyu arasında düzgün nisbətə riayət edilməsini qeyd etmək lazımdır: “Uşağın boyu 110-120 sm olduğu təqdirdə, tezgahın hündürlüyü 52, oturacağın isə 32 sm olmalıdır. Uşağın boyu 120-130 sm olduğu zaman isə tezgahın hündürlüyü 57, oturacaq 35 sm müəyyən edilib. Məktəblinin boyu 10 sm artdıqda, masa üstü və oturacağın hündürlüyü müvafiq olaraq 5 sm və 3 sm artır”.

Mission News Theme by Compete Themes.