BAYRAQDAR MEDİA – Tanınmış alim, ictimai fəal, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətovadan təhsilə yeni töhfəsi ilə diqqət mərkəzindədir. Bu dəfə o, şagirdlərin oxuyub-anlama qabiliyyətini formalaşdırmaq üçün vacib vəsaitlə izləyicilərinin görüşünə gəlir.
Müəllifin BAYRAQDAR MEDİA-ya verdiyi xəbərə görə, o, uzun illər apardığı araşdırmaların və əldə etdiyi təcrübənin nəticəsi olaraq “Oxuyub-anlama: nəzəri və metodoloji əsasları” adlı metodik vəsaitini dərc etdirib.
Müəllif bildirir ki, vəsait müvafiq ixtisaslar üzrə ali və orta məktəb müəllimləri, ali məktəb tələbələri, həmçinin oxu bacarıqlarını inkişaf etdirmək istəyən hər kəs üçün nəzərdə tutulub.
“Azərbaycan dili fənninin metodikası təcrübəsində ilk dəfə olaraq məhz bu vəsaitdə oxu təliminin fundamental mövzularının nəzəri və metodoloji əsasları işlənib:
-Oxuyub-anlama nədir;
-Mətn və onun arxitektonikası;
-Mətnin əsas elementləri və onların oxuyub-anlamada rolu;
-Mətnin struktur məsələləri;
-Hekayənin üç tərkib hissəsi və onun tədrisdə rolu;
-Abzas: növləri və quruluşu;
-Ekspozisiya və onun növləri;
-Oxuyub-anlama bacarıqlarını formalaşdıran səmərəli üsullar və s..
Vəsaitdən istifadə edənlər yuxarıdakı mühüm istiqamətlər üzrə suallarına cavab tapacaqlar. Mətnin əsas elementlərini tanımaq və strukturunu anlamağın oxuyub-anlamadakı əhəmiyyəti ilk dəfə bu vəsaitdə öz izahını tapır”, – deyə müəllifi qeyd edib.
Könül Aydın onu da deyib ki, “şagirdlərin oxuyub-anlama bacarıqlarını formalaşdırmaq müasir orta məktəb təhsilinin qarşısında duran əsas vəzifələrdən biri olduğu üçün vəsaitin ehtiva etdiyi məzmun bütün fənn müəllimlərinin peşə səriştələrinin əsasında durur. Bu baxımdan vəsait bütün fənn müəllimlərinin mütaliəsi üçün tövsiyə olunur”.
Əlavə edək ki, sözügedən vəsaiti yalnız Bakı şəhərində “Milli Book-cafe”dən əldə etmək olar. Kitab book-kafenin iki filialında (“Nəsimi” filialı: Həmzə Babaşov 5N və “28 May” filialı: Ceyhun Hacıbəyli küçəsi, 31) satışdadır.