BAYRAQDAR MEDİA – Qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədi ilə SN tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Nazirliyin müvafiq Əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Həmçinin cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir”.
Sonra xəbərdə qeyd edilir ki, “əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədi ilə SN sözügedən əhali qrupları ilə yanaşı, COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”.