Press "Enter" to skip to content

Müvafiq məsləhətçi şirkətlərlə danışıqlar aparılıb

Külək və günəş elektrik stansiyaları

Son yeniləmə: 6 Sentyabr 2024 09:18

Xarici şirkətlər Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələrinin qurulmasına maraq göstərirlər

BAYRAQDAR MEDİA – “Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə külək və günəş elektrik stansiyalarının qurulması istiqamətində dövlət proqramında aidiyyəti üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.

Bunu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.

Onun sözlərinə görə, bu məqsədlə ilkin mərhələdə layihələndirmə işlərinin aparılması üçün müvafiq məsləhətçi şirkətlərlə danışıqlar aparılıb: “Yerli şirkətlərlə yanaşı xarici şirkətlərdən Türkiyənin, Çexiyanın, Birləşmiş Ərəb Əmirliklərinin, Almaniyanın şirkətləri Naxçıvan Muxtar Respublikasında alternativ və bərpaolunan enerji mənbələrinin qurulmasına maraq göstərirlər və onların bir neçəsi ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Danimarka Krallığının müvafiq şirkəti külək enerjisi sahəsində Naxçıvan Muxtar Respublikasında külək elektrik stansiyalarının tikilməsi üçün layihələrini təqdim edib. Həmin layihələrin muxtar respublika ərazisində texniki-iqtisadi səmərəliliyi araşdırılır”.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasından Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı da bir neçə şirkətlə görüşlər keçirilib: “TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Energetika Xidməti arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat Müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb. “Əməliyyat Müqaviləsi”nin yaxın zamanlarda imzalanması planlaşdırılır. Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib. Bizim əsas hədəflərimiz Naxçıvanda külək və günəş enerjisi üzrə 1500 meqavatlıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 meqavatının Türkiyə və Avropa istiqamətində ixracıdır”.

Mission News Theme by Compete Themes.