Press "Enter" to skip to content

10 ilə “yaşıl enerji” ilə istehsal gücü 1500 meqavata çatacaq

Mətin Abbaslı

Son yeniləmə: 6 Sentyabr 2024 15:08

BAYRAQDAR MEDİA – “Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin strukturunda olan stansiyaların ümumi gücü 244,8 meqavatdır və bu nəticəni əldə etmək yarım əsrə yaxın vaxt aparıb”.

Bunu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.

Onun sözlərinə görə, su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının generasiya gücü 107,8 meqavatdır ki, bu da ümumi gücün 44,04 faizini təşkil edir: “Günəş elektrik stansiyalarının ümumi gücü isə 39,4 meqavatdır. Biz növbəti 10 il ərzində “yaşıl enerji” ilə istehsal gücümüzü 1500 meqavata çatdırmağı planlaşdırırıq”.

“Naxçıvanda 500 meqavat həcmində günəş elektrik stansiyasının tikilməsi haqqında layihənin araşdırılması və gələcəkdə icra olunması kimi prioritetlər görülən işlərin bariz nümunəsidir. Bu layihə II Şuşa Qlobal Media Forumunda dövlət başçısı tərəfindən yenidən vurğulanıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na əsasən, burada yaşıl enerji zonasının yaradılması, konsepsiya və tədbirlər planının hazırlanması nəzərdə tutulub. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində 7992 hektar əkinə yararsız torpaq sahəsində yaşıl enerji layihələrinin reallaşdırılması mümkün olacaq. Energetika Xidməti tərəfindən yaşıl enerji layihələrinin icrası ilə bağlı mütəmadi işlər aparılır”, – deyə Mətin Abbaslı qeyd edib.

Mission News Theme by Compete Themes.