Press "Enter" to skip to content

Həkimdən öd daşı xəstəliyi haqqında məlumat

Əliniyaz Məmmədov

Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Əliniyaz Məmmədov: “Öd daşlarının əmələ gəlməsinə səbəb olan amilləri aşkar edib, vaxtında profilaktik müayinələr aparmaqla, uğurlu nəticə əldə etmək olar”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Əliniyaz Məmmədov öd daşı xəstəliyi, əlamətləri, müalicəsi və s. haqqında danışıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Ə.Məmmədov öncə xəstəliyin əmələ gəlməsi haqqında danışıb. Qeyd edb ki, öd daşı xəstəliyi (ÖDX) xoşxassəli xəstəliklər qrupuna aid olsa da, ÖDX-nin etiologiyasında gender faktoru, yaş, qidalanma rejimi, urbanizasiya kimi proseslərin iştirakı məsələlərinə daha çox tibbi-sosial baxımdan yanaşmağı tələb edir. O, bu xəstəliyin yaranmasında önəmli rol oynayan faktorlar içərisində gender amilinin ilk yerlərdən birini tutduğu vurğulayıb”.

Həkim bildirib ki, xəstəliyin klinik əlamətləri daşın harada yerləşməsi, ölçüsü, tərkibi, miqdarı, yanaşı olaraq infeksiyanın qoşulması, öd yollarının funksional vəziyyəti, həzm traktının başqa sistemlərinin nə dərəcədə zədələnməsindən asılıdır: “Daş öd yollarında olarsa, ağrının intensivliyi daha davamlı olur və mexaniki sarılıq əlamətləri ilə (skleranın saralması, sidiyin tündləşməsi və s.) özünü göstərir. Ağrı tutmaları adətən qidalanma rejimi pozulduqda (çox yemək, yağlı qida və yumurtadan istifadə və s.), fiziki və əsəbi gərginlik nəticəsində meydana çıxır. Ağrı tutmaları əksər hallarda qarında köp, ürək bulanma və qusma ilə müşahidə olunur. Həmçinin, yüksək hərarət, üşütmə halı da ola bilər. Bu da xolangit və ya xolesistitin olmasına dəlalət edir. Ahıl və yaşlı adamlarda xəstəliyin gizli gedişli olması daha xarakterikdir. Belə xəstələr uzun müddət periodik olaraq, xüsusən qidalanma rejimi və qida rasionu pozulduqda, sağ qabırğa altında, əsasən sağ çiyinə, kürəyə, ürək nahiyəsinə irradiasiya edən (yayılan) küt ağrılardan və xoş olmayan hissiyyatdan şikayətlənirlər. ÖDX-nin yaşlı adamlarda atipikliyinə səbəb patoloji prosesə digər qonşu orqanların da (onikibarmaq bağırsaq, mədə, qaraciyər, mədəaltı vəzi, bağırsaq) cəlb olunması ilə əlaqədardır”.

Ə.Məmmədov xəstəliyinin müalicəsi barədə də məlumat verib: “ÖDX-nin tam və dəqiq diaqnozu kompleks yanaşma yolu ilə xəstənin şikayətləri, ətraflı fiziki yoxlamalar, bir sıra laborator və instrumental müayinələr əsasında müəyyən edilir. Diaqnozun vaxtında aşkar olunması olduqca vacib məsələdir”.

O, həmçinin deyib ki, problemi tibbi-bioloji və sosial-gigiyenik baxımdan araşdıraraq, xəstəliyə səbəb olan risk faktorlarını aşkar edib, vaxtında və düzgün kompleks profilaktik tədbirlər həyata keçirməklə, onun qarşısını alıb, daha uğurlu nəticə əldə etmək mümkündür.

Mission News Theme by Compete Themes.