Son yeniləmə: 6 Sentyabr 2024 09:17
Avropaya enerjinin ixrac edilməsində Naxçıvanın perspektiv imkanları var
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi Azərbaycanda energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. Eyni zamanda 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanda bərpa olunan enerji potensialı – quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Bu kontekstdə Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Yəni, Azərbaycanın kifayət qədər “yaşıl enerji” potenisalı var və ölkəmiz Azərbaycan tez bir zamanda “yaşıl enerji”sini Avropaya ixrac etməyi hədəfləyir.
Bəs bu məsələdə Naxçıvanın rolu necə ola bilər? Bu suala cavab verən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib ki, Avropaya enerjinin ixrac edilməsində Naxçıvanın perspektiv imkanları var.
Agentlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, M.Abbaslı bildirib ki, Naxçıvanı Prezident İlham Əliyev yaşıl enerji zonası elan edib: “Yəni, biz illər sonra Naxçıvanın yaşıl enerjisini onun yerli məhsulu kimi tanıyacağıq. Əslində Naxçıvanın iqtisadi əhəmiyyətə malik yerli brend məhsulları çoxdur. Gələcəkdə “yaşıl enerji” bunların sırasında birinci olacaq. Bu brendi isə biz qürurla Türkiyə üzərindən Avropaya daşıyacağıq”.