Azər HƏSRƏT
Məşhədə yol açırıq,
Sənin bağrından keçəcək…
Hər həftə, hər ay,
İnsanlar ziyarətə gedəcək…
Naxçıvandan başlayacaq yol,
Sənin lap burnunun ucundan,
Hay-küylə, taqqataraqla
Qatarlar üstünə şığıyacaq,
Səni təkərlərinin altına alıb
İnsanları Məşhədə aparacaq…
Bu yol güzəran yoluymuş,
Bu yol xilas yoluymuş,
Deyirlər turist yolu,
Dolanışıq yoluymuş…
Heç deyən yox ki, niyə,
Cəmi bir addımlıqdansa,
Min addıma yol salınır
Bir güzəran adına?
Məşhədə yol açırıq,
Yüzlərlə kilometrlik bir yol.
Başbilənlər deyir ki,
Çox gərək var bu yola…
Guya ticarət üçün,
Guya səyahət üçün,
Əslindəsə bilirik
Kimisə ziyarət üçün
Açılır bu yol…
Bu yol mənim deyildir!
Bu yol Türk millətinin,
Heç Bakının deyildir!
Bu yol İranın yolu,
Mollaların tələsi!
Düşən bir daha çıxmaz,
Qalıb orda öləsi!
Bu yol Məşhəd adına,
Quma qapı açacaq.
Bu yol Məşhəd üstündən
Naçxıvanı udacaq.
İstəmirəm bu yolu!
İstəmirəm, çünki o,
Bütöv Azərbaycanı
Ayaq altına alıb,
Yurddaşımı yenidən
Cəhalətə salacaq!
Bağışla bizi, Təbriz!
Sən durduğun yerdə biz,
Məşhədə yol açırıq.
Bəlkə də bağışlama,
Bu haqqımız yox bizim!
Qərinələrdən keçib,
Günümüzə gəlmisən,
Heç kimsənin önündə
Bir kərə olsun belə,
Başını əyməmisən!
Amma biz nankor çıxıb,
Səni gözardı edib,
Məşhədə yol çəkirik!
Bağışlama, Təbrizim!
Bağışlama sən bizi!
Çünki bağışlanmağa
Heç haqqımız yox bizim!
09 yanvar 2018-ci il