Press "Enter" to skip to content

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat

Son yeniləmə: 5 Sentyabr 2024 15:12

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 6-da dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.

DİM-dən verilən məluamta görə, imtahan vermək üçün qeydiyyat 5 sentyabr saat 14:00-dan 25 sentyabr saat 14:00-dək aparılacaq: “İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər üçün Bakıda 2500, Naxçıvanda 250 yer ayrılıb. İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq”.

Məlumata görə, imtahan vermək istəyənlərin DİM-in internet portalında şəxsi kabineti olmalıdır: “Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. Şəxsi kabinet yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər”.

Məlumatda deyilir ki, namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər: “Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikat 5 il qüvvədə olur. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.