Press "Enter" to skip to content

Bəstəkarların yeni əsərləri tədris proqramında

Yeni əsərlər tədrisdə

Son yeniləmə: 5 Sentyabr 2024 10:12

BAYRAQDAR MEDİA – 2024/2025-ci dərs ilindən başlayaraq yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “sözügedən Nazirlik və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) nümayəndələri arasında keçirilmiş görüşdə bununla bağlı müzakirə aparılıb. Bu prosesin vaxtaşırı davam etdirilməsi, yeni bəstələrin müvafiq təhlillər aparıldıqdan sonra proqramlara əlavə edilməsi ilə əlaqədar razılığa gəlinib. Nazirliyinin dəstəyi ilə ABİ tərəfindən hazırlanacaq not nümunələri sistemli şəkildə həm elektron daşıyıcılarda, həm də kağız formatında sözügedən məktəblərə təqdim olunacaq”.

Daha sonra xəbərdə, “proqrama salınacaq nümunələr arasında Firəngiz Əlizadənin “Zəfər marşı”, Elnarə Dadaşovanın fortepiano üçün pyesləri, Adilə Yusifovanın fortepiano üçün pyesləri və “Yaz nağılı” kantatası, həmçinin Sərdar Fərəcov, Faiq Nağıyev, Mehriban Əhmədova, Zabitə Məmmədova, Cahangir Zülfüqarov, Pikə Axundova, İlahə Qismət və digər bəstəkarların uşaqlar üçün əsərləri yer alır. Bu təşəbbüsün əsas məqsədi yeni nəsil musiqiçilərin milli və müasir musiqi üslublarını mənimsəməsini təmin etmək, eyni zamanda müasir dövr bəstəkarların yaradıcılığının təbliğinə dəstək olmaqdır” deyə qeyd edilir.

Yenilənmiş tədris proqramı sayəsində musiqi və incəsənət məktəblərinin şagirdləri rəngarəng repertuarla tanış olaraq bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdirəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.