Press "Enter" to skip to content

Sahibkarların “yaşıl layihə”lərinə KOBİA-dan dəstək

KOBİA

Son yeniləmə: 4 Sentyabr 2024 11:59

BAYRAQDAR MEDİA – “Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Sahibkarların “yaşıl layihə”ləri müxtəlif dövlət dəstəyi mexanizmləri vasitəsilə, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Məlumata görə, “yaşıl layihə”ləri olan sahibkarlıq subyektləri qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə çıxış kimi dəstək alətləri üçün KOBİA-ya müraciət edə bilərlər: “İndiyədək KOBİA tərəfindən KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib. Belə ki, KOB subyektlərinin bərpa olunan enerji qaynaqlarından elektrik enerjisi istehsal edə bilən şarj stansiyasının və şarj cihazının istehsalı, bunun üçün lazım olan proqram təminatının hazırlanması, aşağı temperaturlu geotermal suların istiliyindən səmərəli yolla elektrik və istilik enerjisinin alınması, smart polimer kompozisiya materiallarından istifadə etməklə binalarda enerji sərfiyyatının azaldılması, “ağıllı suvarma” texnologiyasının yaradılması və onun praktiki fəaliyyətinin araşdırılması, ekoloji R2 (Responsible Recycling) sertifikatının alınmasına dəstək və s. layihələrə Agentlik tərəfindən 338 min manatdan çox qrant ayrılıb”.

Məlumata görə, alternativ içməli su mənbəyinin yaradılması, üzvü tullantıları emal edərək yem istehsalında istifadə oluna biləcək protein, yağ və yüksək verimli gübrənin istehsalı və s. layihələr üçün KOB subyektlərinə vergi güzəştini nəzərdə tutan “Startap” şəhadətnamələri verilib: “Təkrar emal və tibbi tullantıların zərərsizləşdirilməsinə dair sahibkarların müraciəti əsasında daxili bazar araşdırmaları aparılıb. Eyni zamanda KOBİA tərəfindən sahibkarlara “yaşıl iqtisadiyyat” ilə bağlı təlim və məsləhət xidmətləri göstərilib. Təkcə 2024-cü ildə Agentlik Bakı şəhərində, Lənkəran, Şəki və Xaçmaz rayonlarında 140-a yaxın KOB subyektinin iştirakı ilə “Yaşıl iqtisadiyyat və yaşıl biznes”, “Yaşıl maliyyələşmə”, “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinlik və perspektivlər” mövzularında təlim, seminar və maarifləndirmə tədbirləri təşkil edib. Sahibkarların yaşıl layihələrinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib”.

Bildirilib ki, “biznes subyektlərinin ətraf mühitə təsirini ölçmək, istifadə etdikləri resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən sahibkarlar üçün özünüqiymətləndirmə platforması yaradılıb. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək müvafiq sualları cavablandırmaqla enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirərək zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər”.

Mission News Theme by Compete Themes.