Son yeniləmə: 12 Sentyabr 2024 09:03
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) şair-ədəbiyyatşünas, Böyük Britaniyanın Edindurq Universitetinin professoru, Dünya Azərbaycanlıları Konqresinin (DAK) fəxri sədri Qulamrza Səbri Təbrizinin “Günəşə doğru” kitabı da var.
Bildirək ki, 2011-ci ildə çapdan çıxmış kitabda müəllifin son illərdə yazdığı şeirləri toplanıb. Şeirlərdə müəllif Güney Azərbaycanın istiqlal yolunun hədəflərinə işıq salır.
Müəllifin “Azadlıq” şeirində deyilir:
Azadlıq istəyirəm – qar kimi təmiz,
Azadlıq istəyirəm – deyəm ürək sözümü.
Azadlıq istəyirəm – azad nəfəs çəkəm
öz ölkəmdə.
Azadlıq – nə qədər gözəlsən gözümdə,
Aramışam, arzu etmişəm illər uzunu
görəm səni bir gün.
Gəzmişəm dünyanın azad ölkələrini,
Yenə də tapa bilməmişəm azadlığı
öz içimdə
Ta Təbrizim azad olmasa,
Azad ola bilmərəm özüm də.
Sözügedən kitabın korrektoru, DAK-ın keçmiş əməkdaşı Elnarə Sadiq (Ağayeva) nəşr haqqında fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Mən ictimai təşkilatda fəaliyyətim zamanı bir neçə Güney və Quzey Azərbaycan yazarlarının kitab və məqalələrini toplayıb, korrektə etmişəm, həmçinin də təşkilatımızın rəhbəri professor Qulamrza Səbri Təbrizinin bir çox kitablarının korrektoru olmuşam. Söhbəti gedən “Günəşə doğru” kitabının ərsəyə gəlməsində mənim də qismən rolum olub, kitabın korrektə olunmasını böyük həvəslə etmişəm. Çünki S.Təbrizinin bütün şeirləri milli ruhda, fəlsəfi yöndə olduğundan, eləcə də o, həyatın içindən yazdığı üçün mənə böyük zövq verirdi. Onun kitablarını korrektə etdikcə o böyük alimdən öyrənirdim. “Günəşə doğru” kitabında ictimai xadim yenə də özünəməxsus fəlsəfi fikir və düşüncələri ilə bərabər, Güney Azərbaycandakı ictimai-siyasi vəziyyətin qaranlıq tərəflərini ədəbi dildə qələmə alıb. Bu kitabın məhz adını buna görə “Günəşə doğru” seçmişdi və deyirdi: “Qoy, mənim Təbrizimdə, Ərdəbilimdə, Urmumda və digər neçə-neçə şəhərlərimdə, kəndlərimdə yetişən yeni nəsil balalarım Günəş kimi işıq salsın məmləkətimə, Vətənimə, Güney Azərbaycanıma! Və qoy gələcək nəsil bu şeirlərimdən ilhamlanıb böyük ümid ilə Vətənim üzərində Azadlıq Günəşini yandırsınlar””.