Press "Enter" to skip to content

I Beynəlxalq Şah İsmayıl Xətai konfransı başlayıb

Konfransdan görüntü

Son yeniləmə: 4 Sentyabr 2024 15:42

BAYRAQDAR MEDİA – Sentyabrın 4-5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnsitutu və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr olunmuş konfrans keçirilir.

Konfransın açılışında öncə çıxış edən sözügedən İnstitutun direktoru, tarix elmləri doktoru, Prof. Kərim Şükürov qonaqları salamlayaraq Səfəvilər dövlətinin Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edib. O, çıxışında Səfəvi dövlətinin meydana gəlməsini Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Professor bildirib ki, bununla əlaqədar olaraq Azərbaycan tarixində yeni istiqamətlər, proseslər, hadisələr baş verir ki, bu, həm özünəqədərki Azərbaycanın dövlətçilik tarixini özündə əks etdirir, həm də Azərbaycanın sonrakı dövlətçilik tarixinə çox ciddi təsir göstərir. K.Şükürov Səfəvi dövlətindən bəhs edərkən bu yolda Azərbaycanın səfəvişünas alimlərinin mühüm rolundan danışıb. Direktor Ş.İ.Xətaini müdrik bir şəxsiyyət adlandıraraq vurğulayıb ki, o, Azərbaycan ədəbiyyatında, Azərbaycanın tarixi mənbəşünaslığında yeni bir istiqamət yaradıb. Professor əlavə edib ki, Xətainin sərkərdəlik fəaliyyəti ilə yanaşı, onun əsərləri də Azərbaycan tarixinin səfəvişünaslığının mühüm mənbələrindən birini təşkil edir. Direktor Xətainin qəzəlləri haqqında da söhbət açıb.

Konfransda Türkiyənin Hacı Bayram Veli Universitetinin professoru Ahmet Taşkın və Hacettepe Universitetinin professoru Cenk Güray çıxış edərək Xətainın dövlət qurması, fəaliyyəti, eləcə də onun sufi dünyagörüşü haqqında fikirlərini bölüşüblər.

Konfrans bölmə iclasları ilə davam edib.

Qeyd edək ki, sentyabrın 5-i də daxil olmaqla keçiriləcək və ümumilikdə 50-dən artıq tanınmış alim və mütəxəssisin, rəsmi dəvət olunmuş qonaqların iştirak etdiyi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Türkiyə, Qazaxıstan, Özbəkistan, Avstriya, Böyük Britaniya, İrandan 30 nəfər alim maraqlı məruzələrlə çıxış edəcək.

Mission News Theme by Compete Themes.