Son yeniləmə: 4 Sentyabr 2024 13:37
BAYRAQDAR MEDİA – Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ABŞ-yə səfər çərçivəsində Azərbaycan Amerika Gənclər Federasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Komitənin şöbə müdiri Səlhət Abbasova və əməkdaşı Zaur Salmanov, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin əməkdaşı Cavid İsmayılov, Azərbaycan Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova və İdarə Heyətinin üzvləri iştirak ediblər”.
Məlumata görə, görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Azərbaycan dövlətinin diaspor siyasətindən, Komitənin fəaliyyətindən danışıb: “O, xaricdəki soydaşlarımız arasında yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclərimizin formalaşdığını və yaşadıqları cəmiyyətlərə asanlıqla inteqrasiya olunduqlarını qeyd edib. Yeni nəsil diasporun ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına və Azərbaycanın mövqeyini, mənafeyini müdafiə edəcəklərinə əminliyini bildirib”.
Xəbərdə deyilir ki, Azərbaycan Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova təşkilatın gələcək planları və hədəfləri ilə bağlı məlumat verib: “O, ilk dəfə keçirilən Azərbaycan Amerika Gənclərinin Forumuna rəhbəri olduğu təşkilatın üzvlərinin dəvət almasını və tədbirin uğurla keçirilməsini vurğulayaraq göstərdiyi dəstəyə görə Komitəyə təşəkkür edib. Görüşdə təşkilatın sıralarının genişləndirilməsi, üzvlərin fəallığının artırılması, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb”.