Son yeniləmə: 10 Sentyabr 2024 08:23
Parçalanma seçkilərinin nəticələrinə mənfi təsir edə bilər
BAYRAQDAR MEDİA – Bolqarıstanda oktyabrın 27-də yenidən növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu vaxta qədər seçkilərdə ilk üçlükdə qərar tutan DPS isə bu seçkiyə parçalanmış halda gedir.
Bolqarıstan türklərinin cəm olduğu DPS iki yerə parçalanıb və hər iki qanad DPS adı ilə qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Radio Bolqarıstan xəbər verir ki, MSK DPS-nin hər iki qanadının seçki sənədlərinin qəbulu barədə qərar qəbul edib: “Mərkəzi Seçki Komissiyası növbədənkənar iclasında DPS-nin fəxri sədri Ahmet Doğanın və Delyan Peevski tərəfdarlarının paralel olaraq seçkilərdə iştirakla bağlı müraciətlərinin qəbul edilməsinə qərar verib. Hər iki müraciət eyni vaxtda qeydə alınacaq və ardıcıl nömrələr verilməyəcək”.
Məlumata görə, Ahmet Doğanın tərəfdarı DPS – Haqq və Azadlıqlar Hərəkatından Cevdet Çakırov jurnalistlərə açıqlamasında “Biz indicə Hüquq və Azadlıq Hərəkatının seçki ərizəsini təqdim etmişik. Siyasi qüvvəmizin iştirakı üç partiyadan ibarət koalisiya şəklində olacaq. Biri bizim partiyamız DPS – Hüquq və Azadlıqlar Hərəkatı, digəri SBOR – “Ədalətli Bolqarıstanın Birləşmiş Vətənpərvərləri” və üçüncüsü ZNS – Fermerlərin Xalq Birliyidir. Biz seçkilərə “Demokratiya, Hüquq və Azadlıqlar” (DPS) abbreviaturası ilə qatılacağıq”, – deyə bildirib.
Delyan Peevski tərəfdarları isə növbədənkənar parlament seçkilərində “DPS – Novo naçalo”/New Start” və iki partiyadan ibarət koalisiya ilə iştirak edəcək. “Trud” qəzeti yazıb ki, bunlar “Bilqarski glas”/Bolqar səsi/ və “Novi lider”/Yeni liderlərdir.