Son yeniləmə: 4 Sentyabr 2024 11:32
BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-dən 8-dək Bakıda ilk dəfə “Baku Cinema Breeze” adlı böyük kinofestival keçiriləcək.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “”Baku Cinema Breeze” bugünə qədər ayrı-ayrılıqda təşkil edilən Doku Baku sənədli film festivalı, BİFF Bakı Beynəlxalq Film Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı və ANIMAFILM Beynəlxalq Animasiya Festivalı kimi tanınan genişmiqyaslı layihələri bir araya gətirməklə dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq. Festival çərçivəsində kino sənayesindəki imkanlarını nümayiş etdirən Orta Şərq və Mərkəzi Asiya miqyaslı yeni kino sənayesi bazarı “OMA” kinomarketi təşkil olunacaq. Tədbirdə iştirakçılar bir-biriləri ilə əlaqələr qurmaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı əldə edəcəklər ki, bu da regionda kino sənayesinin inkişafı üçün mühüm addım olacaq”.
Daha sonra xəbərdə, “festival əlavə olaraq ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq. Festival müddətində şəhərin müxtəlif kinoteatrlarında və məkanlarında paytaxt sakinləri, şəhərimizin qonaqları və ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq. Audiovizual sənayenin inkişafına istiqamətlənən tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçiriləcək” deyə qeyd edilir.
Bildirək ki, “Baku Cinema Breeze” layihəsi bu payız Bakının mədəni həyatında əsas hadisə olmağı və təkcə kino mütəxəssislərinin diqqətini deyil, həm də sənətsevərlərin marağını cəlb etməyi hədəfləyir.