Press "Enter" to skip to content

Qardaş ölkə rəhbərindən İlham Əliyevə vacib zəng

Ersin Tatar və İlham Əliyev

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

“Ersin Tatar növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, seçkilərin azad, demokratik, sərbəst mühitdə keçdiyini və Azərbaycan xalqının iradəsini ifadə etdiyini vurğulayıb.

“Ersin Tatar Azərbaycan parlamentində Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılmasını da vurğulayaraq yeni parlamentlə parlamentlərarası dostluq qrupu çərçivəsində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Ölkəsinin Türk Dövlətləri Təşkilatının Şuşa Zirvə görüşünə dəvət olunmasını məmnunluqla xatırladan Ersin Tatar Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bu təşkilatla əlaqələrinin inkişafına verdiyi dəstəyə və dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, “Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Azərbaycanın bundan sonra da Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrinin inkişafına və əməkdaşlığının genişlənməsinə dəstək verəcəyini qeyd edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.