Press "Enter" to skip to content

İranın molla rejimi Azərbaycanlı fəalı sürgün edib

Abbas Lisani

BAYRAQDAR MEDİA – İrqçi fars-molla rejiminin məmurları Ərdəbildəki şəxsi mənzilində həbs edilən keçmiş siyasi məhbus Abbas Lisanini iki illik sürgün cəzasını çəkmək üçün məcburi şəkildə Yəzd şəhərinə sürgün edib.

Xəbəri sentyabrın 2-də Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.

Bildirilir ki, Güney Azərbaycanlı fəal Yəzd şəhərinin ETTELAAT idarəsinə aparılaraq orada hədələnib. Abbas bəy sürgün cəzasına tabe olmayacağı təqdirdə barəsində daha ağır cəza tədbirləri görüləcəyi, cəza müddətinin artırılacağı ilə hədələnib.

Abbas Lisani isə barəsində çıxarılan zalım və qanunsuz sürgün cəzası qərarına tabe olmayacağını bildirib.

Azərbaycanlı milli fəalın ailəsinin verdiyi məlumata görə, o, ETTELAAT idarəsindən buraxıldıqdan sonra vətənə geri qayıtmaq üçün Yəzd şəhərinin avtovağzalına yollanıb.

Qeyd edilir ki, 31 avqust 2024-cü ildə ETTELAAT və polis qüvvələri keçmiş siyasi məhbus və milli hərəkatın tanınmış fəalı Abbas Lisaninin Ərdəbil şəhərindəki evinə hücum çəkib və onu həbs ediblər.

Həbsdən sonra ETTELAAT qüvvələri Abbas Lisaninin evində axtarış aparıb, ona məxsus şəxsi əşyaları, o cümlədən evin təhlükəsizlik kameralarının DVR cihazını müsadirə ediblər.

Abbas Lisani bundan əvvəl 5 avqust 2024-cü ildə sürgün cəzası ilə bağlı məhkəmənin göndərdiyi çağırışı qanunsuz adlandıraraq ona məhəl qoymayıb.

Milli fəal 21 fevral 2023-cü ildə 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib.

Keçmiş siyasi məhbus məcburi sürgün cəzasını çəkmək üçün Yəzdə göndərilsə də şəhərə çatdıqdan sonra bu cəzanı qanunsuz adlandıraraq Ərdəbilə qayıdıb.

Məhkəmə qərarları ilə bağlı işin vəkili Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər Abbas Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzddəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi. Bu səbəbdən milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzdə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.

Vaxtilə İranın Yəzd şəhərinə sürgün edilmiş Abbas Lisani ailəsi ilə qısa telefon danışığı zamanı məcburi sürgün məhkumluğuna tabe olmayacağını və öz doğma diyarına qayıdacağını bildirmişdi.

Abbas Lisani ailəsinə bildirmişdi ki, Yəzdə çatdırıldıqdan sonra məhkəməyə köçürülüb və məhkəmədə bildirib ki, Yəzddə qalmaq onun sağlıq durumuna kompensasiya olunmaz xəsarət yetirə bilər. Lakin hakim bildirib ki, onun qərarı dəyişmək ixtiyarı yoxdur və əsas qərarı İranın ETTELAAT İdarəsi verir. Ona görə də Abbas Lisanini ETTELAAT-a qaytarıblar. Orada isə hər gün həmin orqana müraciət edib barmaq izi verməklə sərbəst buraxıblar. O, ETTELAAT İdarəsindən çıxandan sonra isə Yəzdin avtovağzalına gedərək Ərdəbilə hərəkət etmək istədiyini bildirmişdi.

Abbas Lisani bundan əvvəl tibbi məzuniyyət zamanı Təbrizdə müalicə olunduğunu və bir neçə xəstəlikdən əziyyət çəkdiyi halda 1 min 200 kilometrlik məsafəni qət etməyin onun üçün çətin olduğunu söyləmişdi.

Mission News Theme by Compete Themes.