Son yeniləmə: 3 Sentyabr 2024 15:13
BAYRAQDAR MEDİA – ABŞ-ın paytaxtı Vaşinqton şəhərində təşkil olunan Amerika – Azərbaycan Gənclərinin Forumunun iştirakçıları arasında “Breyn-Rinq” intellektual oyunu keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “Şimali Kaliforniyada yaşayan diaspor fəalları Nurlan Şükürlü və Ülvi Verdiyevin təşkilatçılığı ilə baş tutan yarış qonaqlar tərəfindən maraqla qarşılanıb.
Bildirilib ki, oyunda ümumilikdə 8 komanda iştirak edib. Suallar Azərbaycan dilində tərtib olunub və Azərbaycanın mədəniyyətinə, tarixinə, adət-ənənələrinə, eləcə də dünya mədəniyyətinə aid olub. Gərgin keçən final görüşünün sonunda “Azərbaycan Xanımları” komandası “South-East” komandasına qalib gəlib”.
Məlumata görə, qaliblər medallar və kubokla təltif ediliblər: “Forumun ikinci günündə iştirakçılar Vaşinqtonun tarixi yerlərində ekskursiyada olublar. ABŞ-ın 21 ştat və şəhərində təhsil alan, yaşayan azərbaycanlı gənclər Ağ evi, tarixi Kapitol Hilli, ABŞ-ın 16-cı Prezidenti Abraham Linkolnun şərəfinə ucaldılan Memorialı və ABŞ-ın 3-cü Prezidenti Tomas Cefersonun Memorialını ziyarət edib, xatirə şəkli çəkdiriblər.
Forum iştirakçıları tədbirin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan-Amerika Təşkilatları Alyansına təşəkkürlərini bildiriblər”.