BAYRAQDAR MEDİA – Eskişehir Osmangazi Universitetinin rektoru Prof. Dr. Kamil Çolak 30 Avqust Zəfər Bayramı münasibəti ilə mesaj yayımlayıb.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, rektor mesajında “Türk milləti olaraq Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altında vətənimizə basqın etməyə cəhd edən düşmənlərə qarşı apardığımız mübarizə nəticəsində qazandığımız 30 Avqust Zəfərinin 102-ci ildönümünü qürurla qeyd edirik” deyə vurğulayıb.
Mesajda həmçinin deyilir: “Bir əsr əvvəl böyük türk millətini əbədi vətəni Anadoludan qoparmağa çalışan imperialist dövlətlər və onların əlaltıları, işğalçı yunan ordusu 1922-ci il avqustun 30-da millətimizdən aldıqları məğlubiyyətlə böyük zərbə aldılar. Anadolunun əbədi olaraq türk və İslam torpağı olaraq qalacağı bir daha sübuta yetirildi. Tariximizin qızıl səhifələrindən olan 30 Avqust zəfərini qürurla qeyd edərkən, borcumuz övladlarımıza bu torpaqların min il türk vətəni olaraq qaldığını, şəhidlərin qanı ilə suvarıldığını, daxili və xarici düşmənlərin vətənimizə qarşı hədəflərindən əl çəkmədiklərinin və bu gün də hücuma keçmək üçün fürsət gözlədiklərini çatdırmaqdır. Bu fikirlərlə başda Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk olmaqla, müstəqillik uğrunda mübarizəmizin bütün qəhrəmanlarını, bənzərsiz şücaətləri ilə millətimizin qəlbində ölməz olmuş şəhidlərimizi və qəhrəman qazilərimizi rəhmət və hörmətlə yad edir, xalqımızın Zəfər Gününü ən səmimi arzularımla təbrik edirəm”.