Nevşehirdən gələn qonaqlarla görüşdə “Bir-millət, iki dövlət” prinsipləri, ticari-iqtisadi əlaqələr, investisiya imkanları, təşviqlər və subsidiyalar, əməkdaşlıq məsələləri müzakirə edilib
BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycan təkcə iş adamalrını birləşdirən bir mərkəz deyil, həm də Türkiyədən gələn heyətlərin daha çox üz tutduğu bir ünvan halına gəlib. Avqustun 30-da isə qurum növbəti qonaqlarını qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.
Bildirilib ki, “Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Nevşehir millət vəkili, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini xanım Filiz Kılıç, AK Parti Nevşehir millət vəkili Emre Çalışkan, Nevşehir Sanayici İşadamları Dərnəyinin (NESİAD) sədri Mustafa Ertaşın rəhbərliyi ilə gələn heyət, həmçinin Türkiyə səfirliyinin baş ticarət müşavirləri Ahmet Erdal, Murat Yaman, Yakup Sefer MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib”.
Məlumata görə, görüşdə “Bir-millət, iki dövlət” prinsipləri, ticari-iqtisadi əlaqələr, investisiya imkanları, təşviqlər və subsidiyalar, əməkdaşlıq məsələləri müzakirə edilib: “Görüş zamanı MÜSİAD İdarə Heyətinin sədri Rəşad Cabirli İBF, MDB ölkələri ilə olan gömrük güzəştləri haqqında məlumat verib, qardaşlıq şüuru, ortaq mədəniyyətə sahib tək millət olan ölkələrimiz adına faydalı ola bilmək üçün birgə fəaliyyətlərin önəmini vurğulayıb. Görüşdə, həmçinin Azərbaycandakı investisiyalar, iş imkanları barəsində məlumat verilib, Qarabağdakı yeni layihələr barəsində danışılıb. Daha sonra gələcək fəaliyyətlər və birlikdə edilə biləcək işlər müzakirə edilib”.
Məlumatda deyilir ki, görüşün nəticəsi olaraq qonaqlar və MÜSİAD Azərbaycan üzvləri arasında işbirlikləri fəaliyyətə başlayıb: “Bir sonraki görüşün Nevşehirde keçirilməsi qərara alınıb”.