Press "Enter" to skip to content

Həkimdən mədə-bağırsaq infeksiyası haqqında məlumat

Afət Novruzova

Səhiyyə Nazirliyi (SN) Prof. Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının həkimi Afət Novruzova: “Mədə-bağırsaq sistemini qorumaq, bütün orqanizmin müdafiə funksiyasını qorumaq deməkdir”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) Prof. Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının həkimi Afət Novruzova mədə-bağırsaq infeksiyası haqqında məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “A.Novruzova öncə yay mövsümündə ən çox hansı xəstəliklərlə bağlı müraciətlərin olduğundan bəhs edib. O, yay fəslində insan orqanizminin günəş şüalarına daha çox məruz qaldığını bildirərək bunun günvurma, istivurma, dermatitlər şəklində özünü büruzə verdiyini qeyd edib. Həkim həmçinin yay mövsümü xəstəlikləri arasında ilk yeri mədə-bağırsaq infeksiyalarının tutduğunu vurğulayıb”.

Daha sonra xəbərdə, “o, mədə-bağırsaq infeksiyasının qeyri-infeksion xəstəliklərdən necə fərqləndiyi haqqında danışıb: “Ümumiyyətlə, infeksiya dedikdə, patogen mikroorqanizmin digər canlı orqanizmə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizimdə gedən cavab prosesləridir. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda, o, müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion xəstəlik qeyri infeksion xəstəliklərdən spesifik olmağı, yoluxulucuğu, mərhələlərlə inkişaf etməsi və bəzi infeksiyalardan sonra postinfeksion immunitetin yaranması ilə səciyyələnir. Spesifik dedikdə, hər bir yoluxucu xəstəliyin müəyyən törədicisi olduğu nəzərdə tutulur. Yoluxuculuq dedikdə isə infeksion xəstəlik zamanı xəstəlik törədicisinin xəstələrdən sağlam insana kontakt və ya aralıq insan vasitəsilə keçməsi deməkdir. O cümlədən, mədə-bağırsaq infeksiyalarına mədə və nazik bağırsağın iltihabına səbəb olan viral, bakterial və parazitar infeksiyalar daxildir. Bakterial infeksiyalara Salmonella, “E.Coli” (“Escherichia coli”), “Shigella”, “Campylobakter” kimi patogen bakteriyalar, viral infeksiyalara isə noravirus, rotavirus, adenovirus və s. aiddir”” deyə bildirilir.

A.Novruzova dənizdə çimərkən təsadüfən udulan suyun mədəyə düşdükdə xəstəlik törədə bildiyini açıqlayıb: “Azərbaycanda hər il çimərlik mövsümü başlamadan öncə dənizdə monitorinqlər aparılır, suyun çirklənmə səviyyəsi yoxlanılır. Epidemioloji vəziyyəti yaxşı olmayan çimərliklərin fəaliyyətinə müəyyən müddət (səbəb qaldırılana qədər) icazə verilmir. Çimərliyi seçərkən diqqət etmək lazımdır. Az yaşlı uşaqlar daha çox diqqət tələb edir, çünki su udma ehtimalı yüksəkdir”.

Həkim eləcə də mədə-bağırsaq infeksiyasının profilaktikası haqqında da danışıb. Qeyd edib ki, infeksiyanın törədicilərinin yayılma səbəblərini ortadan qaldırdıqda yoluxmanın qarşısı xeyli alınır: “İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması yoluxucu xəstəliklərin profilaktikasının əsasını təşkil edir. Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməli, küçədən evə daxil olduqda və qida məhsullarına toxunmaqdan öncə mütləq əllər yuyulmalıdır. Həmçinin, meyvə-tərəvəz bol su ilə bir neçə dəfə yuyulmalı, hazır qida məhsullarından istifadə etdikdən dərhal sonra soyuducuya yerləşdirilməli, ət və süd məhsulları lazımı şəkildə yaxşı bişirilməli və s”.

O, həmçinin bildirib ki, immun sistemi nə qədər güclü olarsa, xəstəliyə yoluxma ehtimalı azalar, yoluxduğu təqdirdə isə xəstəlik nisbətən yüngül şəkildə keçər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.